Beyləqan İcra Hakimiyyətinin şəhid anasına `CANIYANANLIĞI`... - Qəhrəmanın adını "çayxana"ya vermək istəyir...
Beyləqanda şəhid anasına təzyiq edilir ki, məktəbə oğlunun adının verilməsindən imtina etsin.
Siam.az bildirir ki, bu barədə şəhid anası Vəliyeva Zeynəb Yenicag.az-a məlumat verib.
***
Şəhid Vəliyev Elnur Mirsiyab oğlu haqqında
O, 30 avqust 1999-cu ildə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olub. Elnur Vəliyev hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edib. 2020-ci ilin sentyabr ayında Xüsusi Təyinatlı Qüvvələrə ezam olunub. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elnur Vəliyev 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan həlak olub. Bir müddət neytral zonada qalan nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra “Vətən uğrunda”, 29.12.2020-ci il tarixində “Kəlbəcərin azad olunmasına görə”, 24.06.2021-ci il tarixində “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Elnur Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
***
“Azərbaycan Bayrağı” ordenli şəhidin adının əbədiləşdirilməsi və adına Beyləqan rayon Qaralar kənd orta məktəbinə verilməsi üçün Nazirlər Kabinetinə Rayon İcra Hakimiyyəti tərəfindən müraciət ünvanlanıb.
Şəhid anasının sözlərinə görə, onun evinə məktub da gəlib ki, oğlunun adı məktəbə veriləcək. Bu il Beyləqan rayon Qaralar kəndindən başqa bir şəhidə “Azərbaycan Bayrağı” ordeni verildikdən sonra isə Vəliyevə Zeynəbə təzyiqlər başlayıb.
Zeynəb Vəliyeva bildirir ki, rayon icra hakimiyyəti başçısının müavini Telman Məstanov və ona yaxın adamlar hər gün şəhid anasına addan imtina məktubu yazması barədə təzyiqlər edir:
“Hər gün evimə, iş yerimə gəlib mənə deyirlər ki, imtina yazım. Təzyiqlər başlayanda onlara dedim ki, əgər başqa bir məktəbə verəcəksinizsə, onda imtina yazım. Cavabları belə oldu ki, şəhidlərə toxunmaq olmaz, rayonda 54 məktəb var, hamısının adı şəhidlərin adına verilib, dəyişdirə bilmərik. Mən də sual verdim ki, digərləri şəhiddir, mənimki çöldəntapılma?
Uşaqlarımı yetimçiliklə böyütmüşəm. Mənim balam yetimdir deyə, ona toxunmaq olar, başqalarına yox? Mənə dedilər ki, məktəbdən imtina elə, oğlunun adını Beyləqan rayon Gənclər Evinə verəcəyik. O Gənclər Evi dedikləri yer çayxanadır. Oğlumun adı məktəbə verilməsə idi, ona da razı olardım, ancaq mənə deyirlər ki, imtina elə, ora başqa şəhidin adı verilsin. Bütün şəhidlər mənim balamdır. Heç vaxt pul davası, ad davası döyməmişəm. Özləri veriblər, indi əlimdən almaq istəyirlər.
Başçının müavini Telman Məstanov məni yaşamağa qoymur, hər gün bir adam göndərirlər. Özünə “yox” cavabı verəndən sonra üstümə ağsaqqal, seyid göndərirlər ki, imtina edim. Heç o ağsaqqal və seyidlərin də ədaləti yoxdur. Başqa vaxt danışanda şəhidlər toxunulmazdır deyirlər, qapıma gəlirlər ki, addan imtina yazım”. Şəhid anasının sözlərinə görə, hətta Telman Məstanov ona sonuncu dəfə 15 gün vaxt verib:
“Mənə dedilər 15 gün vaxtın var. 15 gün sonra imtina yazmasam məni öldürəcəklər? Bir oğlum şəhid oldu, o biri oğlumun da böyrək çatışmazlığı var. Özüm də hərbi hissələrin birinin çamaşırxanasında ütücü işləyirəm. Orada da rahat qoymurlar. Hər gün ora da gəlirlər ki, imtina yazım. Mənə imkan vermirlər ki, torpağın altındakı şəhidimin, gözümün qabağındakı xəstəmin dərdini çəkim.
Dövlət hər cür yardım edib. Heç bir istəyim olmayıb. Hətta qanpulu veriləndə də, oğlumun 1 illik maaşı veriləcək deyəndə də dedim ki, oğlum ölüb, onun pulunu yeyəcəm?! Hələ də oğlumun 1 illik maaşını almamışam. Heç nədə gözüm yoxdur, ancaq ad məsələsində öləcəm, geri dönməyəcəm”.
İcra Hakimiyyətinin məktəbin adını bir şəhiddən alıb başqasına verməsində hansı marağı var, bunu anlamaq çətindir.
Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telman Məstanovla danışmağımız mümkün olmadı. Səbəb, yerində yox imiş.
İcra Hakimiyyətindən aldığımız məlumata görə, Vəliyev Elnurun sənədləri Nazirlər Kabinetindədir, rəsmi təsdiqlənməyib.
Belə nəticəyə gəlmək olur ki, rəsmi təsdiq olunmadığı üçün İcra Hakimiyyətindən şəhid anasına təzyiq edilir ki, imtina yazsın və beləcə də Nazirlər Kabineti Qaralar kənd orta məktəbinə Vəliyev Elnurun yox, digər şəhidin adını versin.
Ancaq burada anlaşılmayan məsələ yenə də İcra Hakimiyyətinin hakimiyyətinin bu işdəki canfəşanlığıdır.