Rütubətlə yanaşı tarakanlar, siçovullar, ağcaqanadlar da evlərə dolur: Yevlaxdan şikayət
Yevlaxda kanalizasiya problemi var.
Yevlax şəhər sakinlərinin bir nömrəli problemi kanalizasiya sisteminin sıradan çıxmasıdır. Xüsusilə Səməd Vurğun küçəsində illərdir ki, kanalizasiya suları küçəyə axır. Sözügedən ərazini üfunət iyi bürüyüb.
Təngə gələn sakinlər artıq bu ünvanda yaşaya bilmədiklərini deyir. Söhbət şəhərin Səməd Vurğun 20 unvanında iki mərtəbəli çox mənzilli yaşayış binalarından gedir. Hansıki zirzəmiləri və həyəti çirkab suları ilə dolub.
Sakinlər problemin həll olunması məqsədi ilə dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, ölçü götürülməyib. Vəziyyət xəstəlikli hal alıb. Kanalizasiya suları zirzəmilərə dolduğundan rütubətlə yanaşı tarakanlar, siçovullar, ağcaqanadlar da evlərə dolur.
Çarəsiz qalan sakinlər təhlükədən xəbərsiz uşaqların zərərini bilmədən çirkab suları ilə oynadığından, minbir xəstəliyi “satın aldıqlarından” narahatdırlar. Digər tərəfdən də ərazidə üstüaçıq quyular var ki, evdən çıxan, həyətdə oynamaq istəyən uşaqlar quyulara düşmək təhlükəsi ilə üz-üzədir.
Məsələ ilə bağlı müraciətlərinə cavab almayan sakinlər yığışıb Azərsunun Yevlaxdakı Regional İdarəsinə üz tutublar. Dərdlərini deməyə gələn vətəndaşlara qapı açan olmayıb.