Lənkərandan sanki tanklar keçib…Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib

Cənub şəhərində bu illər ərzində nə işıqlanma, nə asfaltlama, nə abadlıq-quruculuq işləri həyata keçirilib; baş memarın həbsindəki müəmmalar nədən xəbər verir?


Lənkəran kimi turizm potensialı olan şəhərə gələnlər özlərini sanki Suriyada müharibə getmiş, yollarından tanklar keçmiş küçələrdə hiss edirlər. Çünki şəhərin istər mərkəzi, istər ara yolları fəlakət vəziyyətindədir. Bu gün Lənkəran yollarının başdan-ayağa yenidən asfaltlanmasına ehtiyac var ki, bu haqda nə yerli rəhbərlik, nə Avtomobil Yolları Dövlət Agentliyi düşünür. Nəticədə Lənkəranın küçələrindən sanki tanklar keçib: yollar kələ-kötür, çala-çuxur, bərbad vəziyyətdədir. Ümumiyyətlə, Lənkəranda elə yer yoxdur ki, normal asfalt görəsən. Bəs bu qədər vəsait hara gedib? Prezident Lənkərana səfər edərsə, ona hansı asfaltlanmış yolları göstərəcəklər? Biz hələ kəndlərdən danışmırıq, Lənkəranın kəndləri dəhşətli vəziyyətdədir. Amma şəhəri düzəlib ki, kənd yollarına da baxılsın?! Halbuki Lənkəranda sürətlə binalar tikilir, obyektlər açılır, satılmayan boş yer az qala qoymayıblar, yəni “qaz vurub, qazan doldururlar”, di gəl yollarına baxan yoxdur. Şəhər qonaqlı-qaralı, turisti olan bir bölgədir, xüsusən yay mövsümündə dənizinə görə gələnlər olur, amma yolları utanverici haldadır. Bunu rayon icra hakimiyyəti və AAYDA rəhbərliyi düşünsələr, yaxşı olar.

Digər bir problem isə tikintilərlə bağlıdır. Şəhər İH-nin baş memarı həbs olunsa da, digər vəzifəlilər məsuliyyət daşımadılar. Halbuki baş memar icra başçısından xəbərsiz hansısa qanunsuz fəaliyyət göstərə bilməz. Bu, olduqca bəsit məsələdir. Yeri gəlmişkən, Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb.

Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar. Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına şikayət göndərilib. “Yaxın məsafədə Səmədbəy Mehmandarovun və Həzi Aslanovun doğuldugu ev və həyət görünür. Qədim tariximizin şahidi olanlar indi sag deyillər. Ancaq biz onların varisləri kimi bu həyətdə ömür sürürük.

Biz burada bir neçə nəsil yaşamışdıq, qeyri-adi hadisələrin şahidi olmamışdıq, ancaq keçən il olduq. Keçən il yaşadığımız evin yarım metrliyində hasardan o tərəfdə, bizi aldadaraq, ağ vərəqə imza atdırmış və üç mərtəbəli “Medicana Çentr” adı altında 8 mərtəbəli bina tikiblər.

Biz öz həyətimizdə duranda binanın balkonları başımız üstündə çətir kimi durur!”Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev (artıq həbs edilib) isə bildirmişdi ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər İcra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır.

Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu. Yeri gəlmişkən, məlum olub ki, tikinti prosesinə Hünər Hadızadə və Hikmət Əsədov rəhbərlik edib.

Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr kobud şəkildə pozulmuşdur! Belə ki, tikinti üçün ayrılmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çirkab suları axıtmağa və kanalizasiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdur. Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimi tikinti aparırlar?!

Ancaq məsələlər təkcə yolların bərbad, tikinti bumunda qanunsuzluq halları ilə məhdudlaşmır, Lənkəran baxımsız vəziyyətdədir. Şəhərin idarəçiliyi yalnız obyektlər üçün şərait yaratmaqdan, torpaq satmaqdan ibarətdir. Bu illər ərzində Lənkəranın nə işıqlanması, nə asfaltlanması, nə abadlıq-quruculuq işləri həyata keçirilib. Ona görə bu cənub şəhəri heç vaxt icra başçısı sarıdan bəxti gətirməyib. Gələn dağıdıb, gedən viran qoyub, işləməyib talayıblar, biznes qurublar, amma Lənkəran kimi bir cənub mirvarisinə qayğı göstərmək, diqqət yetirmək yada düşməyib. Bax, bu biganəliyin qurbanıdır Lənkəran…Onu da bildirək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı.

Belə ki, ötən il R.Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu. 1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Mediada gedən son iddialara görə, onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardan idi. Rəsilə Arifqızı ilə yanaşı baş memarın həbsi də suallar

doğurmaqdadır.Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Onsuz da ölkədə idarəetmə modeli dəyişir, islahatlar aparılır, iqtisadi rayonlar yaradılır və prezidentin səlahiyyətli nümayənədləri təyin olunur, belə olan təqdirdə İH-lərə zərurət qalmır. Odur ki, gedişat icra hakimlərinin vəzifələri ilə vidalaşacağını, bu strukturun sıradan çıxarılacağını deməyə əsas verir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib. Son xəbərlərdə iddia edilir ki, başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Qarşı tərəfin mövqeyini işıqlandırmağa, rayon rəhbərliyinin problemlərlə bağlı münasibətini dərc etməyə hazırıq.


Rafiq Qara

“Gündəm Xəbər”

Tarix: 17-01-2023, 12:20
Xəbəri paylaş





Xəbər lenti