Bəzi direktorlar məktəbi bazara çeviriblər: - “Maaşın 2 ayı mənim, qalanı...”

Bəzi direktorlar məktəbi bazara çeviriblər:
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Siam.az-ın məlumatına görə, hadisəyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə Cəlilabad kənd məktəbində deyil, respublikanın əksər rayon və kəndində yaşanan haldır:
"Bir çox məktəb rəhbələri, direktorlar fürsətdən istifadə edirlər. Hansısa məktəbdə bağbana ehtiyac varsa, iki bağban qeydiyyata alınır. Bağbanlardan birinin pulu mənimsənilir. Təsərrüfat işçilərinin sayı 5 nəfər olmalıdısa, 3 nəfər işə götürüb, 2 nəfərin pulunu yenə də direktor mənimsəyir və s.Təhsil sektorunda çoxlu yeyinti mövcuddur. Yeyintinin məbləğini hesablasaq, dövlət büdcəsini kifayət qədər çapıb-talamaq faktları üzə çıxa bilər. Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlamalıdır. Regional təhsil idarələrinin tabeliyindəki məktəblər də yoxlanılmalıdır. Kimlər saxta yolla işə qəbul olub? Orda çalışan müəyyən şəxslərin aldığı əməkhaqqının hansı hissəsi mənimsənilir? Elə direktorlar var ki, vətəndaş bildirişləri əsasında müəyyən işçini işə götürəndə şərt kəsirlər. Tutalım, "əməkhaqqının 2 ayını mən götürəcəm, növbəti aylarda sən alacaqsan" ".

E.Əfəndinin dediklərinə görə, məmur dövlət büdcəsindən milyonlarla vəsait talayanda məktəb direktorları da, müxtəlif üsullarla çəkinmədən belə addım atırlar:

"Qanunsuz əməllərə yol verənlərin sayı çoxdur. Təkcə təhsildə deyil, səhiyyədə eləcə də, digər sahələrdə eyni hallara rast gəlmək mümkündür. Problemin aradan qalxması üçün hər kəs əlini daşın altına, vicdanına qoymalıdır.

Son 6-7 ay ərzində məktəb direktorlarının rüşvət faktoru ilə vəzifədən uzaqlaşdırılıb. Həmin şəxslər bir müddət sonra başqa məktəbdə direktor vəzifəsinə təyin olunursa, digərləri də bundan qorxmaz. Onlar düşünürlər ki, başqa yerə tanışlıq, yaxud rüşvət qarşılığında yeni təyinat alacaqlar. Gen-bol qanunsuz əməllər həyata keçirirlər".
Tarix: 24-01-2023, 22:57
Xəbəri paylaş





Xəbər lenti