Bu kənddə nə yanacaq var, nə həkim, nə də aptek – Videoreportaj


bitmap-img6

Samux rayonunun Poylu kəndi diqqətdən kənar qalıb desək, heç də yanılmış olmarıq. Yaşayış massivi Eldar mahalı adlanan Gürcüstanla həmsərhəd olan 4 kənddən biridir. Hansı ki, Gəncə şəhərini bu kəndlə təxminən 64-km məsafə ayırır.

Kəndin ən başlıca problemlərindən biri mavi yanacaqdır. Kənd yaranandan burada qaz olmayıb. Sakinlər mavi yanacağın nə zamansa veriləcəyinə ümid etsələr də, bu günə kimi nəticə yoxdur. Burada istliyə olan tələbatı ödəmək üçün odundan istifadə edilir. Sakinlər qış aylarında soyuqdan qorunmaq üçün oduna 1000 manata yaxın pul xərcləyirlər.

Poyluda 500-dən çox ailə yaşayır. Sovetlər dönəmi və müstəqilliyimizin ilk illərində bu kəndin camaatı ehtiyaclarını ödəmək üçün yaxın olan Gürcüstan respublikasını gedib-gəliblər.

Kənddə səhiyyə sistemi də yox vəziyyətindədir. Poyluda nə ixtisaslı həkim, nə də aptek var. Vaxtilə 4 kənddə xidmət edəcək aptek açmaq istəyənlər olub. Amma bəzi qurumlar işləri yarımçıq saxlayıb.

Bəxtiyar Quluyev bu günlərdə xəstələnən uşaqları üçün Gəncədən dərman alıb. Yəni, 64 km məsafə qət edib. İndi kənddə müalicə üçün həkim tapmır.

Poyluya aparan yol asfalt örtüyü ilə tam təmin edilib. Yol boyu problem yaşanmır. Lakin kəndin içərisində sizi kələ-kötür yollar qarşılayır. Bir digər problemi isə təhsillə bağlıdır. Kənddə ən müasir tələblərə cavab verən məktəb tikilib. Kənd sakinləri deyir ki, bəzi fənlər üzrə pedaqoqlar çatışmır.

Biz də kəndin ümumi vəziyyətini cavabdeh qurumların diqqətinə çatdırdıq. Bizə bildirildi ki, qazlaşma ilə bağlı işlər görüləcək. Amma mərhələli şəkildə.

Məcid Talıbov adına Poylu kənd orta məktəbnin direktoru isə məktəbdə kadr çatışmazlığı və tədrisin aşağı olması ilə bağlı deyilənlərlə razılaşmadı. Bəxtiyar Məmmədov bildirdi ki, tədris müəssisəsində riyaziyyat müəlliminə ehiyac olub və problem aradan qaldırılıb.

Həkim və apteklə bağlı tələbata gəlincə, ümid edək ki, müvafiq qurumlar məsələyə reaksiya verər. Bizim əlimizdən yazmaq və problemi videoya çəkib, ictimailəşdirmək gəlir. Hər halda, söhbət insan həyatından gedir. (musavat.com)



Tarix: 25-01-2023, 09:20
Xəbəri paylaş





Xəbər lenti