İvanovka sakinləri: Görün milləti belə sındırarlarmı?


“Görün milləti belə sındırarlarmı? Bu gün azərbaycanlı olmağıma peşmanam”. 
İsmayıllının İvanovka kəndi. Burda Sovet dövrünün kolxoz quruluşu hələ də qalır. Amma sakinlər deyir, kolxozun elə adı qalıb, kəndlinin işinə yaradığı yoxdur, yəni sovet dövrü ilə birgə o da tarixə qovuşub. Kənd sakinlərinin əsas narazılığı pay torpaqlarını ala bilməmələridir. İvanovkalılar 22 ildən çoxdur pay torpaqlarını almaq üçün əlləşib vuruşurlar. “Külüllü kənd sakinləri və İvanovka kənd sakinləri eyni kolxozun, Kalinin kolxozunun üzvləri idi. Külüllü sakinlərinə pay torpaqları, sənədlər verildi. Amma bizə verilmir”, – kənd sakini Nəsrəddin İsayev belə deyir. Nəsrəddin İsayev kolxozçudur. Dediyinə görə, İvanovkada ümumilikdə 2847 nəfərin 5147 hektara yaxın torpaq sahəsi var. Amma sakinlər torpaqdan da məhrumdurlar, torpaqdan gələn gəlirdən də: “Bizim sədrimiz o vaxt xahiş etdi ki, payı bəlli torpaq təsərrüfatı kimi saxlamaq istəyirik. Ulu öndərimiz də fikirləşib ki, bunlar düz adamdırlar. Pay torpaqlarını camaat arasında ədalətli bölüşdürəcəklər. Daha nə bilsin, bunlar oturub onun portretinin altında qanunsuz əməllərini həyata keçirəcəklər”. Kənd sakini Boris Nikoloyeviç köhnə kolxozçudur. Dediyinə görə, problemlərilə bağlı dəfələrlə rəsmi qurumlara müraciətlər ediblər, amma nəticə yoxdur: “Biz ac qalmışıq e, ac. Bax Tural Yusibova, prokurora, DTX-da işləyən Babaya… Deyirəm, ay Baba müəllim, sənin İvanovkadan xəbərin varmı? Deyir “var”, deyirəm, bəs niyə heç nə eləmirsiniz? Bizim məktəbimizə gedin, görün orada neçə rus uşağı oxuyur? Biz itib batırıq. Hörmətli prezident, bizə yarım edin”. Kənd sakinləri kolxozun gəlirlərinin rəhbərlik tərəfindən mənimsənildiyini, bütün sahələrin ziyana işlədiyini, məhsuldarlığın ilbəil azaldığını iddia edirlər. “Traktor sürürdüm, yer şumlayırdım. Mənə deyirlər, sən kolxozçu deyilsən. Əsl siz kolxozçu deyilsiniz ki, biz quran kəndi talan eləmisiniz. Mirzəyev Rauf kimi, Vasili Navesilyeviç kimi, Olqa Jamena kimi”, – Boris Nikoloyeviç deyir. Köhnə kolxozçu Adil Cabbarov da həmkəndlisinin fikirlərinə qoşulur. O, kolxozdakı qanunsuzluqların başında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun dayandığını iddia edir: “Bu qədər talanla bağlı Prezident Aparatından tutmuş aidiyyatı orqanlara məlumat vermişik. Hamısı da yazılı formada. Nahid Bağırov kimdir ki, prezidentə yazdığım məktub onun stolunun üstündə olur? Nahid Bağırov hansı işlərə baxır? Bir icra başçısı deyə ki, torpağı sizə verdim, onu nə ilə sulayacaqsınız? Gör sən hansı işin adamısan, bilmirsən ki, bu torpaq dəmyədir, yoxsa suvarmalıdır?” Adil Cabbarov icra başçısını və kolxoz sədrini kəndlilərin haqqını yeməkdə günahlandırır, aidiyyatı qurumlardan hər iki şəxsin əmlakını yoxlamağı tələb edir: “Niyə kolxoz adı altında 4-5 quldur hər şeyi yeyib, talayacaq, qalanları ac qalacaq? Özgə bədbəxtliyi üzərində bunlar xoşbəxtlik qururlar? Bəs fikirləşmir ki, balasının gözündən gələcək? Mən Qarabağda ona görə can qoymuşdum ki, Nahid Bağırov şellənəcək, yeyib-içəcək, İsmayıllının ən görməli yerlərində gəzəcək? Bax, Qarabağ veteranı acından ölür”. Meydan TV əməkdaşı sakinlərin şikayətilə bağlı kənd kolxozuna üz tutsa da, sədr Vasili Navisiliyeviç qapını açmayıb. Köməkçisi isə Azərbaycan dilində danışa bilmədiyini əsas gətirərək suallara cavab verməkdən imtina edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov iddialara cavab verib. Qurum rəsmisinin dediyinə görə, icra hakimiyyəti kolxozun fəalliyətinə heç bir təsir göstərə bilməz, çünki kolxoz kollektiv mülkiyyətdir və özünün xüsusi nizamnaməsi var: “Bizdən hər bir narazılıq əsassızdır, çünki bizim kolxozun işlərinə qarışmaq səlahiyyətimiz yoxdur. Cənab Prezident də dəfələrlə olub orada. Bu gün onların kolxoz formasında işləməsi məqsədəmüvafiq hesab olunur. Yenə deyirəm, malakanların sıx yaşadığı kənddir, ərazidir. Orada başqa şey olarsa, xaos yaranar. Torpaq dağıldısa, kolxoz da dağılacaq. Bax belə şeylər var, siyasi əhəmiyyət daşıyan məsələlər var”. Rəsmilərin cavabı ivanovkalılar üçün ürəkaçan görünməsə də, kənd sakinləri ümidlərini itirmirlər. Ölkə başçısının səslərini eşidəcəyini düşünürlər.
Tarix: 26-01-2023, 20:46
Xəbəri paylaş





Xəbər lenti