Bərdə sakini: “Başqası sənədsiz ikimərtəbəli obyekt tikir, mənim isə şikayətimə baxan yoxdur”
Şikayətçi dövlət tədbiri üçün sökülən obyektlərinə görə kompensasiya ala bilmir “Kəndin girəcəyində yerləşən 1.5 sot torpaq sahəmdə çayxana, yeməkxana və bir dükanım vardı, kiçik sahibkardım. 2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, kəndin girəcəyinə alaqapı qoyulmalıdır. Bu, dövlət tədbiridir. Mənim də çayxana və yeməkxanamın sökülməsinə qərar verildi. Dövlət tədbiri olduğundan razılaşdıq, ancaq obyektlər və torpaq üçün kompensasiya ödənilmədi”. Bunu Meydan TV-yə Bərdə rayonunun Mirzəxan-Qaraqoyunlu kəndində yaşayan Cavid Musayev bildirib. Onun sözlərinə görə, kəndin girəcəyində alaqapı inşa edilib, lakin tikinti torpaq sahəsindən xeyli aralıda aparılıb. “2015-ci ildə Vidadi müəllimlə görüşdüm, alaqapının bizim torpaqdan aralıda yerləşdiyini nəzərə alaraq obyektlərin yenidən inşasına icazə istədim. Dedi ki, prezident açılışa gələcək, bundan sonra obyektlərinizi yenidən inşa edə biləcəksiniz. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkilmişdi”,-şikayətçi danışıb. C.Musayev söyləyib ki, qapının açılışından sonra da obyektlərin tikintisinə icazə verilməyib, nə torpaq, nə də obyektlər üçün kompensasiya ödənilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi də ağaclara toxunulmaması üçün xəbərdarlıq edib. Nəticədə 7 ildir çarəsiz vəziyyətdə çıxış yolu axtarılır: “Torpaq və obyektlərə dair rəsmi sənədlərim var. Bizim obyektlə üzbəüz olan və yolun sol tərəfindəki mühafizə zolağında, iridiametrli yeraltı çəkilmiş magistral qaz xəttinin düz üstündə iki mərtəbəli böyük bir kommersiya obyekti sənədsiz tikilərək istifadəyə verilib. Mənim isə şikayətlərimə baxan yoxdur”. Kənd sakini deyir ki, çayxana və yeməkxanaya yenidən texniki pasport almaq üçün ASAN Xidmətdə 1500 manat rüsum haqqı ödəyib, lakin Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Ərazi İdarəsi yenidən pasport vermir. Bərdə RİH başçısının Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəli Süleymanov Meydan TV-yə bildirib ki, C.Musayev məburi köçkün kimi həmin kənddə məskunlaşıb və torpaq sahəsini də alıb. Başqa bir kənd sakini də orada obyekt tikib, hər ikisi də torpaqla bağlı iddialıdır: “Biz Cavidə məhkəməyə müraciət etməyi tövsiyə etmişik”. İcra hakimiyyətindən isə məsələ ilə bağlı danışmaq istəməyiblər.