Naxçıvan: “30 ildir ki, blokada şəraitində yaşayırıq”-VİDEO


“30 ildir ki, blokada şəraitində yaşayırıq. Azərbaycandan da indiyə qədər bizimlə heç kim maraqlanmayıb. Yəni, Naxçıvan da Azərbaycan imiş?!”
Naxçıvanda Vasif Talıbov dövrü qapanıb. Bir aydan çoxdur ki, naxçıvanlılar yeni mərhələyə keçid ediblər. Bu günlərdə Naxçıvanda azadlıq mehi əsməyə başlayıb. 
“Əslində, rahatlıqdır. Dostuq, yoldaşıq, gəlib 5-10 dəqiqə çay içib gedirdik. İndi domino oynayırıq, vaxtımız gedir”.
“Haqqımızı tələb edə bilmirdik. Haqq tələb edəni nahaq yerə “podval”a qoyurdular. İstəsəydilər, hətta o adamı rahatlıqla döyüb təhqir edə bilərdilər. Ona görə də biz haqqımızı tələb edə bilmirdik, o qalırdı bizim içimizdə. O da bizi içəridən sökürdü…” 
Talıbovlu – Talıbovsuz naxçıvanlıları narahat edən əsas məslələrdən biri işsizlikdir. Burada şəxsi biznes qurmağa icazə olmayıb. Hətta evində ticarət və ya müxtəlif xidmət sahələriylə məşğul olanların da qapısını polis kəsdirib.
Yeni sədr Fuad Nəcəfli təyin olunar-olunmaz Naxçıvanda sərbəst taksi fəaliyyətiylə məşğul olunmağa icazə verilsə də, çox keçmədi ki, sistem əvvəlki çarxı ilə dönməyə başladı. 
“Konkret icazə yoxdur. Respublika “DYP”sinin rəisi Ayaz müəllim var. Ayaz müəllim dəfələrlə şəxsən mənim özümü… Məhəlləmizdə, binanın qabağında durduğum yerdə “DYP” gəlib oturub maşına, deyib, sür idarəyə. Niyə? Nə olub? Sən icazəsiz taksi fəaliyyəti göstərirsən. Soruşuram ki, bəs maşınım normaldır? Deyir, hə. Sürücülüyüm var? Var. Heç kimin ailəsi, uşağı bizdən etiraz etmir ki? Yox. Bəs sən məni niyə içəri aparırsan? Deyir ki, sən nömrə almalısan. İndi taksi nömrələrinin də qiyməti 10 min manatdan başlayır”, Hüseyn Qəmbərov deyir.
“Sarı taksilər bizə imkan vermir, qoymurlar. Deyirlər, biz 40 min verib maşın almışıq, siz də gedib bir UAZ 07 almısınız ki, taksi işləyəsiniz. Deyirəm, sənin də ailən var, mənim də. Hərə öz dolanışığı üçün çalışır. Bakıda necədir? Camaat sürür, ailəsini dolandırır. Taksini qoyuram qırağa, gəlsin, mənə iş versin, mən də işləyim”.
Naxçıvanda 500-dən çox sarı taksi fəaliyyət göstərir. Taksi fəaliyyəti göstərmək üçün dövlətdən taksi üçün nəzərdə tutulmuş sari avtomobil satın almalısan.  Bu avtomobillər onlara 35-40 min manata başa gəlir.  
“Bunun qanuni “birka”sının yeri buradır. Buranı ləğv ediblər. Bu tərəfdən özləri 2022-ci ilin “birka”sını vurublar. Halbuki, bu, 2017-ci ilin maşınıdır. Əvvəl köhnə maşın sürürdüm. Dedilər, 1 milyon getməlidir, 1 milyondan sonra məcburi dəyişməlisən. Aparıb qoydular “DYP”-nin həyətinə. Dedilər, dəyiş. Qohum-əqrəbadan bir az pul düzəldib, 15 min ilkin ödəniş etmişəm. Ayda 461 manat pul verirəm. Elə adam var ki, 500 verir, 600 verir. Vallah, çatdıra bilmirik. Onu necə verək? Şəhərdə də adam yoxdur. Saat gör neçədir, hələ siftə etməmişəm”, sürücü Səttar Əhmədov deyir.
Bütün çətinliklərinə baxmayaraq, Naxçıvanda taksi fəaliyyətiylə məşğul olmaq ən mümkün qazanc yoludur. 
Türkiyədən ikinci əl təkər gətirib satan sahibkar Natiq Qulamov Vasif Talıbovun dövründə biznesinin əlindən alındığını deyir. Onun sözlərinə görə, heç bir sərəncam olmadan obyekti sökülüb. Yerində isə dövlət məmuruna məxsus olduğu deyilən ev tikilib.
“Dedi ki, sərəncam yoxdur, tapşırıq var. Sözün var? Başqa söz deyə bilməzdim. Deyəsdim, başım cəlalətlər çəkərdi. 60 yaşımda məni atdılar DTX-nın “podval”ına. 3 gün məni orada saxladılar. Düzdür, mənə orada başqa təzyiqlər olmayıb, amma axı nəyə görə mən orada yatmalıyam? 2017-ci ildən indiyədək mənim 6 min ədəd təkərim çürüdü. Bunun da birini 20 manatdan hesablayanda 120 min manat pul edir. Külli miqdarda mənə ziyan vuruldu. Həm maddi, həm mənəvi. Bax, bu maddiyyatı, bu mənəviyyatı kim ödəyəcək? Bilmirəm. İndi içəridə qalıb çox şeylər…” 
30 il sonra Naxçıvan rəsmi Bakıya daha yaxın görünür. Qadağalar şəhərinin sakinləri indi yeni rejimdən hüquqlarının bərpa olunmasını gözləyir.



Tarix: 5-02-2023, 21:23
Xəbəri paylaş





Xəbər lenti