Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə
orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrlərilə
birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbərli Ələkbər
Ramiz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi
igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Ələkbərin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür
yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib.
Qanları ilə tarix yazan, torpağı Vətənə çevirən Azərbaycanın Ələkbər kimi oğullarının
unudulmadığını bildirib.
Qeyd edək ki, Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli
kəndində dünyaya göz açmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad
edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə
Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan
Ələkbərin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd
qəbirstanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamlarına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Suqovuşanın
azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
Tarix: 7-02-2023, 15:30