Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi olaraq bölgələrdə icra başçılarının səyyar
qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları
narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları
problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Köçərli kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon
ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd
sakinləri iştirak ediblər.
İcra başçısı əvvəlcə qardaş Türkiyədə baş vermış güclü zəlzələ nəticəsində həlak
olmuş vətəndaşların doğmalarına başsağlığı verib, Türkiyə -Azərbaycan
dövlətlərinin dostluq, qardaşlıq münasibətlərinin tarixindən danışıb, çətin anda hər iki
ölkənin bir-birinin yanında olduğunu vurğulayıb. Azərbaycan dövlətinin qardaş
ölkəyə ilk yardım göstərənlərdən olduğunu, zəlzələ bölgəsində xilasetmə
əməliyyatlarına dəstək məqsədi ilə Respublika Prezidentinin göstərişinə əsasən
Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyətinin lazımi avadanlıqlarla
birgə, zəruri tibbi avadanlıq və tibbi ləvazimatlarla təchiz olunmuş Mobil səhra
hospitalının, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyətinin, 10 hərbi
həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun tibb personalının Türkiyəyə
yola salındığını bidirib. O, hazırda zəlzələdən zərər çəkmiş qardaş ölkənin
vətəndaşlarına dövlətimiz tərəfindən humanitar yardım göndərildiyini,
respublikamızda, eləcə də rayonumuzda da vətəndaşlar tərəfindən yardım
kampaniyasına başlandığını qeyd edib.
Sonra rayon rəhbəri möhtərəm Prezidentin diqqət və qayğısı altında
respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən,
əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli
layihələrdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün
sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində
olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos
şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini,
Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu
iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini, həmçinin regiondakı
vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində
Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti
barədə ətraflı danışdığını, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr
tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratdığını, əsl həqiqətləri dünya
ictimaiyyətinə çatdırdığını qeyd edib. Bildirib ki, bu gün biz fəxrlə ölkəmizin
beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə
qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.
İcra başçısı qəbulda Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilən terror
aktından, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə
Xidmətinin rəisi Orxan Əsgərovun şəhid olmasından, digər iki nəfərin
yaralanmasından da danışıb. O, şəhid Orxan Əsgərovun ailəsinə başsağlığı
verərək, rəhmət diləyib, terror zamanı yaralanan oğullara isə tezliklə sağalmalarını
arzulayıb. Bu terror aktının əslində Azərbaycana qarşı terror və hücum olduğunu
bildirib
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə məlumat verilib.
Bildirilib ki, Köçərli kəndinin 1281 hektar ərazisi, 431 təsərrüfatı, 1784 nəfər əhalisi
var. Ərazidə 1 məktəb, 1 kitabxana, 6 ticarət, 4 iaşə, 1 məişət obyekti fəaliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq,
qaz və içməli su ilə təmin olunub.
Sakinlər 1447 baş iribuynuzlu, 644 baş xırdabuynuzlu heyvan, 7782 baş quş, 48 arı
ailəsi saxlayırlar.
Köçərli kəndində son üç ildə kənd ərazisində 1800 ədəd tut tingi, 40 ədəd müxtəlif
növ ağaclar əkilib, əkin sahələrinə gedən su arxları 5.5 km məsafədə lildən
təmizlənib, 8 ədəd subartezian quyusu təmir edilib, yol kənarları alaq otlarından
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən
nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən
nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin
aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Saməddin Hacıyev kəndin içməli su problemi, Şahin Əhmədov
pay torpaq sahəsinə gedən yolda meşə ağaclarının budanması, Mənzər Hacıyeva
və Əmrah Məmmədzadə Bələdiyyədən icarələrinə torpaq sahəsinin ayrılması,
Ramilə Manafova həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, Təranə
Məmmədova oğlunun işlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət
ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb,
rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 9-02-2023, 15:20