Antisanitar qovşaq problemi Ucar məktəbində də əsl kabusa çevrilib - Təhsildə daha bir biabırçı vəziyyət
Bir qədər də ölkədaxili fəlakətlər barədə…
Ötən ay İmişlidən olan Leyla müəllimənin qabartdığı sanitar qovşaq məsələsi bu dəfə Ucar şəhər 5 nömrəli tam orta məktəbin timsalında gündəmə gəlir. Belə ki, övladları həmin məktəbdə təhsil alan Kamil Qasımov oxşar acınacaqlı durumla bağlı həyəcan təbili çalır.
KONKRET.az-ın redaksiyasına adıçəkilən təhsil ocağındakı şəraitsizlikdən şikayət edən Qarabörk kənd sakini K.Qasımov yazır:
“Övladlarımın təhsil aldığı Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə rəzalət yaşanır. Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdədir. Qız və oğlan şagirdlər eyni ayaqyolundan istifadə edirlər. Tualetin divarları uçmaq üzrədir, qapısı belə yoxdur. Təmizlənmir deyə antisanitariya hökm sürür. Buna görə şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır”. Valideyn bildirir ki, sözügedən məktəbin binası köhnə olduğu üçün təxminən 10 il öncə həyətində yeni məktəb binası inşa edilərək istifadəyə verilib. Ancaq köhnə bina sökülməyib və ibtidai siniflərin tədrisi yenə həmin şəraitsiz otaqlarda davam etdirilir.
Şikayətçi deyir ki, hazırda yeni məktəb binasında istilik sistemi mövcud olduğu halda, köhnə binada sinif otaqları odun peçləri ilə qızdırılır. “O sobalar da 2-3 gün yanır, 5-6 gün yanmır. Çünki odun və yanacaq çox vaxt valideynlərin hesabına alınır ki, bunu da mütəmadiyən təşkil etmək mümkün olmur. Nəticədə sinif otaqları çox soyuq olur və uşaqlar normal dərs keçə bilmirlər”.
K.Qasımov əlavə edir ki, məktəbin direktoru Təranə Tağıyeva bütün bunları bildiyi halda, heç bir tədbir görmək istəmir. Valideyn məsələ ilə bağlı dəfələrlə Elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlasa da, heç bir reaksiya görmədiklərini də deyir.
Yeri gəlmişkən qeyd edək ki, valideynin köhnə məktəb binasının istismar müddətini başa vurduğu təqdirdə, bütün siniflərin yeni binaya köçürülməməsi ilə bağlı narazılığı da ciddi suallar doğurur. Təəsssüf ki, bu sualla müraciət etmək üçün məktəbin direktoru Təranə Tağıyevaya etdiyimiz zənglər cavabsız qaldı. Belə ki, təhsil müəssisəsinə bir neçə dəfə zəng etsək də, dəstəyi qaldıran olmadı.
Məsələ ilə bağlı müraciət etdiyimiz Ucar Rayon Təhsil Şöbəsinin müdiri Rahib Bürcəliyev isə KONKRET.az-a açıqlamasında bildirdi ki, həm Elm və Təhsil Nazirliyi, həm də Mərkəzi Aran Regional Təhsil İdarəsi məktəbdəki mövcud vəziyyətdən xəbərdardır:
“İstilik sistemi normaldır, qaydasındadır. Həyətdəki ayaqyolu barədə də Elm və Təhsil Nazirliyi, həmçinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinə məlumat verilib. Və yaxın günlərdə sanitar qovşaq yenilənəcək”. Köhnə məktəb binasının isidilməsinə gəlincə, şöbə müdiri qeyd etdi ki, həmin müəssisə odunla qızdırılır və təminatında heç bir problem yoxdur. “Belə olan halda, valideynlər nə üçün şikayət edir?” sualına cavabında isə R.Bürcəliyev şəxsən özünün indiyə qədər hər hansı şikayətlə rastlaşmadığını dedi.
Beləliklə, görünən odur ki, Kamil Qasımovun redaksiyamıza göndərdiyi foto və video dəlillər rayon təhsil şöbəsinin müdiri üçün elə də ciddi faktlar hesab olunmur. Və bir rəhbər kimi R.Bürcəliyev həmin faklarda şikayətə səbəb olacaq ciddi səbəb də görmür. Fikrimizcə, bu biganə münasibətin yalnız bir izahı ola bilər, o da həmin şöbə müdirinin öz azyaşlı övladının sözügedən məktəbdə təhsil almamasıdır. Çünki heç bir valideyn normalda uşağının istismar müddəti başa çatmış, infrastrukturu məhv olmuş bir təhsil ocağında əziyyət çəkməsinə göz yuma bilməz. Və əgər təhsilimizin taleyinə cavabdeh olan biri kimi R.Bürcəliyev bütün bunları görməzdən gəlirsə, ortada daha ciddi faktlar mövcuddur demək. Bu faktları isə yalnız və yalnız aidiyyəti orqanlar araşdıra bilər. Bizə isə ancaq məktəbin acınacaqlı durumuna tezliklə əncam cəkiləcəyini ümid etmək qalır ki, bu niyyətlə də mövzunu daim diqqətdə saxlayacağıq.
P.S. KONKRET.az-ın sorğusuna cavab olaraq son anda Mərkəzi Aran Regional Təhsil İdarəsindən Ucar şəhəri 5 nömrəli tam orta məktəbin istifadəyə yararsız olan sanitar qovşağının yaxın müddətdə yenidən əsaslı təmir ediləcəyi, həmçinin, məktəbin soba ilə qızdırılan korpusunun istilik növünün növbəti payış-qış mövsümünə qədər yeniləcəyi bildirildi.