İcra başçısı Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 240 şagirdin təhsil aldığı Sarov kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu barədə Siam.az-a RİH-dən xəbər verilib. Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.