Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Nizami küçəsində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların 
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Nizami 
küçəsində keçirilib.
Qəbulda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər 
rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və rayon 
ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət 
təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər 
sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı 
altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən 
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, 
müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi 
ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin 
rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə 
olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, qardaş 
Türkiyədə baş verən dəhşətli zəlzələdən, Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım 
Əliyevanın tapşırığı ilə türk qardaşlarımıza göstərilən humanitar yardımdan, 
rayonumuzun sakinlərinin də yardım aksiyasına qoşulmasından, tərtərlilərin 
yardımlarının Kahramanmaraşa çatdırılması haqqında məlumat verib, zəlzələ 
nəticəsində həlak olanların ailələrinə baş sağlığı verib, təbii fəlakət nəticəsində 
yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib.
Sonra şəhərin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən 
işlər barədə məlumat verilib.
Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş 
küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min 
kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt 
örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla 
üzlənib, əvvəlkindən  də gözəl olub.
Hazırda Tərtər şəhərində 5 nömrəli  tam orta məktəb üçün 360 şagird yerlik 
yeni bina tikilir, şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi 
Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin 
istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə 
bardyorlar yenisi ilə əvəz olunur, səkilərə asfalt döşənir, yeni yaşıllıq zolaqları 
yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər 
təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri 
aparılmayan M.Ə.Sabir adına park da yenidən qurulur. Parkda köhnə tamet 
daşları yenisi ilə əvəz olunur, əraziyə yeni münbit torpaq verilərək   gül kolları 
və müxtəlif bəzək ağacları əkilir. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun 
satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunur,  sakinlərin 
istirahəti üçün  söhbətgahlar təmir olunur, parkın gecə işıqlandırılması üçün 
yeni işıqlandırma sistemi qurulur, parkın istinad divarları  aqlay və bəzək 
daşları ilə üzlənir, mühəccərlər təmir olunur, insanların istirahəti üçün şərait 
yaradılır.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə 
bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat 
verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, 
hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü 
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Sakinlərindən Fərda Tağıyeva Vətən Müharibəsi iştirakçısı olan oğlunun işlə 
təmin olunmasına köməklik, Solmaz Zeynalova binaların qarşısında mərasim 
evinin tikilməsi, Nofəl Rəhimov Mehman Dadaşov küçəsinin asfaltlanması, 
Sahilə Abbasova və Ofeliya Şəmilova isə digər şəxsi məsələlər  ilə bağlı 
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya, 
şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 23-02-2023, 18:29
Xəbəri paylaş





Xəbər lenti