““Rüşvət ver” deyə bilmirlər, işlə də təmin etmirlər” - Şəhid atası GİLEY EDİR
Balakənin Gərəkli kənd sakini, İkinci Qarabağ müharibəsində həyatını itirmiş Harun Alqayevin atası Məhəmməd Alqayev işlə bağlı müraciətinə baxılmadığını deyir. Onun sözlərinə görə, bir ildir ki, mühafizə yegeri vakansiyası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, eləcə də Zaqatala Dövlət Təbiət Qoruğuna etdiyi çoxsaylı müraciətlərə müsbət cavab verilməyib.
SİAM.AZ Meydan TV-yə istinadən xəbər verir ki, orta ixtisas təhsilli, 60 yaşlı şəhid atası sürücü, malyar və dülgər kimi müxtəlif peşələrdə çalışıb. O, deyib ki, oğlu həlak olandan sonra uzun müddət özünə qapanıb və işsiz qalıb. Öncə Qarabağ qazisi olan oğlu Ceyhun Alqayevdən ötrü mühafizə yegeri vakansiyası üçün müraciət etsə də, ona başqa iş təklifi gəlib, bacarmadığından imtina edib: “Yevlaxda regional idarədə Oqtay Babayev adlı məsul şəxsin qəbulunda olduq. 27 yaşlı qazi oğlum üçün iş istədim. Şəhid oğlum və qazi oğlum barədə qısa məlumat verdim. Dedi ki, bu məsələyə baxarıq. Ötən il iyulun 13-də Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzinin Balakən Hidrometeoroloji Stansiyasında müvafiq iş dəvəti gəldi. Oğlumun da o işdən anlayışı yoxdur. Ali təhsili yoxdur və istədiyimiz iş olmadığı üçün imtina etdik. Yenidən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində mühafizə yegeri vakansiyası üçün məktub yazdıq. Cavab gəldi ki, sizə iş təklifi etmişdik, hazırda uyğun vakansiya yoxdur. Ancaq az müddətdən sonra eşitdim ki, ora başqa qazini işə götürüblər. Bu vakansiya oturaq iş deyil, meşə ehtiyatını, meşə sərvətini qoruyursan deyə daim hərəkətdəsən. Nə kreslosu, nə masası var, sadəcə, meşə qoruqçusu”. Sonradan Ceyhun Alqayev döyüşdəki nailiyyətlərinə görə və manqa komandiri olduğundan Qaçbinə kənd məktəbinə hərbi hazırlıq müəllimi kimi işə düzəlib. Şəhid atası mühafizə yegeri vakansiyası üçün yenidən müraciət edib. Balakəndə ekologiya və təbii sərvətlər nazirinin səyyar qəbulunda olub. Dediyinə görə, nazir şəhid atasını dinləsə də, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi sonradan vakant yer olmadığını əsas gətirib. Məhəmməd Alqayev iddia edib ki, müraciətlərində nə qədər israrlı olsa da, boş vakansiyalara digər şəxslər təyin edilir: “Beş dəfə məktub yazmışam, hətta dostum mənə görə Namiq müəllimdən xahiş etdi, o da götürmədi. Vəzifəyə yeni gələn Akif müəllim də işə götürmür. Hətta Zaqatala Dövlət Təbiət Qoruğunda vakant yer vardı, bu məsələ məhkəmədə də mübahisələndirilirdi. Mən də ərizə ilə rəsmi müraciət etdim. Dedilər ki, o yer ixtisar edilib və ərazini də öz aralarında bölüşdürüblər. Mənə “yox” deyirlər, yaxın dostum isə dedi ki, vakansiya vardı, yerinə yenə başqasını götürdülər”. Şikayətçi deyib ki, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gedib: “Orada məni bir qadın qəbul etdi. Əsəbiləşdim ki, məktubuma cavabda başqa səbəb göstərmisiniz, amma yenə istədiyim işə adam götürmüsünüz. Dandılar ki, heç kimi götürməmişik. Orada da Balakən Rayon İcra Hakimiyyətinə zəng etdilər ki, işlə bağlı mənimlə əlaqə saxlasınlar. Oradan da xəbər çıxmadı. Ancaq İcra Hakimiyyəti təzəlikcə nazirliyə müraciət göndərdi, hələ cavab yoxdur”. “İcra hakimiyyəti məni meşə təsərrüfatına yönəldir. Orada bir fəhlə rəhmətə gedib, boş yer var, maaşı da 280 manatdır. Deyirəm, mənim ağac kötüyü çıxaran vaxtımdır? 20 manata gündəlik dülgər çalışaram da. Rayonun deputatına da demişəm. Bir ildə iki nəfəri işə götürüblər. Pul alınır, tanışlıqla götürülür. Məndən rüşvət istəyə bilmirlər deyə işlə təmin etmirlər. Adamlar tanıyıram ki, 3-4 min pul verib mühafizə yegeri işinə giriblər. Çünki əməkhaqqısı 700-dən yuxarıdır deyə pul alıb işə qoyurlar. Şəffaflıq varsa, mən də işlə təmin olunum. Mən ciddi etiraz edə, fərqli mövqe göstərə bilərəm. Oğlum baş leytenant, kəşfiyyatçı Harun Alqayevə görə susuram”, – şəhid atası deyib. Məhəmməd Alqayevin sözlərinə görə, həyat yoldaşı minumum əməkhaqqı alır, məktəbdə əmək təlimi müəllimi kimi çalışır. Onun mühafizə yegeri vəzifəsinə marağı yalnız ailəyə maddi dəstək olmaq üçün deyil. O həm də təbiətə töhfə vermək istədiyini deyir: “Bu işə ehtiyacım var, çünki həm ailəmə maddi dəstək olaram, həm də meşə fondunu qoruyaram. Məni bir vətəndaş kimi narahat edən odur ki, burada çaylarda qızıl balıq vardı, farel balığı məşhur idi. İllərdir ki, elektrik verib onu tutdular, yoxa çıxartdılar. Mən o işə düzəlsəm, vallah, o çaylarda balığı artıraram, meşədə odun oğurlayanlara qarşı mübarizə apararam, “tok”la balıqlara divan tutanları cərimə edərəm. Meşədə ağac oğurluğu özbaşına deyil, yuxarılara bağlıdır. Əvvəl çox idi, anarxiya idi, sağa-sola baxmırdılar. Amma etirazlardan sonra bir qədər səngiyib, meşələr də yaşıllaşıb. Həm məşğuliyyətim olar, həm ailəmə, həm də meşə fonduna dəstəyimi verərəm, qoruyaram. Nə qədər evə qapanım mən? Başımı qatmaq üçün qardaşım oğlunun yerinə qazanxana işinə gedirəm. İstəyirəm ki, başım qarışsın. Özü deyir ki, əmi, evə qapanma gəl yanıma, başın qarışsın. 5 aylıq işdir, martda bitəcək. Dörd rayonda hansına yönəltsələr, işləyərəm. Ancaq vakansiya yoxdur deyə-deyə bir ildir ki, müraciətimi havada saxlayıblar”. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin keçmiş rəhbəri Namiq Yusifov deyib ki, onun çalışdığı müddətdə şəhid atası ona yox, nazirliyə müraciət edib. Telefon vasitəsilə iş üçün etdiyi müraciətə isə həm vakansiya, həm də iddia etdiyi vəzifəyə uyğun olmadığından imtina verilib: “Mən kiməm ki, yuxarının icazəsi olmadan işə adam götürüm. Şəxsən tanımıram, ancaq özü ilə bir dəfə telefonda danışmışam. Özünə də dedim ki, sənin 60 yaşın var, niyə mühafizəçi yeger istəyirsən? Yaşın çoxdur, bu işdə işləyə bilməzsən. Qoruqçu yeger konkret bir əraziyə baxır. Ancaq bizdəki 4 rayonadır, konkret rayon, ərazi deyil, çox təbii hadisələr, yağışı, şaxtası, yanğını, uçqunu olur. Özünə də demişəm ki, yaşına görə bu işdə işləyə bilməzsən. Dedim gəlin qəbula, sözümdən inciyib gəlmədi. İndi oğlu şəhid olub, Allah rəhmət eləsin. Ancaq küsüb belə davranması düzgün deyil. Demişəm ki, yaşlı adamsan, sən meşə gözətçisi, qoruqçu işləyə bilərsən. Ona da gərək vakansiya olsun. Ümumiyyətlə isə vakansiya yoxdur. Nə o vaxt, nə indi. Nazirliyə müraciət edib, nazirin də qəbulunda olub. Cavablandırılıb ki, vakansiya yoxdur. Olarsa, problem deyil”. Şəhid atasının vakansiya olduğu halda onu deyil, digərlərinin işə alınması iddiasına gəlincə, Namiq Yusifov deyib ki, hər iki şəxs ali təhsilli Qarabağ qazisidir. Onun sözlərinə görə, həmin şəxslər də mühafizə yegeri işinə götürülməyib, idarədə vakansiyalara təyinat dövlət imtahan xətti ilə aparılır: “Səhv danışır ki, yerinə başqa adam götürmüşük. Biz iki qazi götürdük. Biri zabit idi, 26 yaşı var. Ali təhsillidir, müfəttiş kimi qəbul olunub, dövlət qulluqçusudur. Biri də iki ay Qubadlıda döyüşdə olub. Ali təhsillidir, o da kargüzarlıq vakansiyasına təyin olunub. Yüksək kateqoriyalı dövlət qulluqçusudur. Nəticələr uyğun gəlir deyə onlar təyin olunub. Bizdə idarədə işlər dövlət qulluğu xətti ilədir. Mühafizə yegeri isə yarımdövlət qulluqçusudur. Ali təhsil olmasa da, 3-5 il təcrübə mütləqdir. Müəyyən səbəblərdən səhhətinə, ailə vəziyyətinə, haqsızlığa görə işini itirmiş, ya könüllü ərizə ilə işdən çıxmış kimsə ola bilər ki, yenidən xahişlə işə təmin olunsun. Ancaq belə işlər dövlət qulluğu xətti ilə aparılır, imtahan və müsabiqədən keçirlər, işlə bağlı anlayışı yoxlanılır. Mənim kimisə işi götürmək səlahiyyətim olmayıb. Ümumiyyətlə, regionallarda belədir, işə nazirlik özü təyin edir. Kimsə ona göstəriş verir ki, sən get ora, get orada işlə. Daha bilmir ki, belə rahat deyil, qaydası var. Səbrli olsun, məsləhət bilinərsə, gedər işləyər. Hamı necə, o da elə…”. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin indiki rəisi Akif Məmmədov isə işə yeni təyin olunduğunu və şəhid atasından iş üçün ona rəsmi qaydada müraciət gəlmədiyini bildirib: “Mənim işə çıxdığım heç 10 gün deyil. Həmin şəxsdən mənə hələ heç bir müraciət gəlməyib. Əvvəl olub, yəqin. O, vətəndaşı da görməmişəm. Hazırda idarədə mühafizə yegeri üçün vakansiya yoxdur. Vakansiyamız var, amma sektor müdiri və direktor müavini vəzifəsinə”. Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib ki, vətəndaşın müraciəti araşdırılır.