Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında
aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kəndində
keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon
ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının
rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında
respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən,
əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli
layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun
infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən
dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə
dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu
bildirib. O, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban
xanım Əliyevanın tapşırığı ilə türk qardaşlarımıza göstərilən humanitar yardımdan,
rayonumuzun sakinlərinin də yardım aksiyasına qoşulmasından, tərtərlilərin
yardımlarının Kahramanmaraşa çatdırılması haqqında məlumat verib, zəlzələ
nəticəsində həlak olanların ailələrinə baş sağlığı verib, təbii fəlakət nəticəsində
yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə
məlumat verilib.
Bildirilib ki, Azad Qaraqoyunlu kəndinin 565,5 hektar ərazisi, 358 təsərrüfatı, 1464
nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1
klub, 1 kitabxana, 6 ticarət və 3 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik
və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 711 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 5211 baş quş saxlayırlar.
Azad Qaraqoyunlu kəndində son üç ildə 1,8 km kəndarası yol cari təmir olunub, əkin
sahələrinə gedən su arxları 2,6 km məsafədə lildən təmizlənib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah
və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı
mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Arif Hüseynov, Tünzalə Cəfərova və Rəsmiyyə Bağırova Heydər
Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbi
üçün yeni binanın tikintisinə başlandığına görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
təşəkkürlərini bildiriblər. Vətən müharibəsi qazisi Sadiq Abbaslı isə kəndin suvarma
arxlarının lildən təmizlənməsi barədə müraciət edib.
Qaldırılan məsələ nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara
aidiyyəti tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-03-2023, 22:35