İsmayıllıda vətəndaşı dinləyən yoxdur... - ŞİKAYƏT


İsmayıllı rayon sakini Kamran Baxtıyev Toplum TV-nin qaynar xəttinə yazaraq güzəranından gileylənib. Şikayətçi heç bir yerdən gəliri olmadığını, beş az yaşlı övladı olduğunu və onların tələbatını ödəyə bilmədiyini deyir.

“Evimiz uçuq, salxaq evdir. Şəraitim olduqca pisdir. Beş azyaşlı övladım var və mən bir ata olaraq onların tələbatını ödəyə bilmirəm. Ünvanlı sosial yardım üçün müraciət edirəm, deyirlər işin olmalıdır ki, sənə yardım edə bilək. İşi haradan tapım?! Rayon yerində iş üçün hara müraciət edirəm, deyirlər, işi kim itirib ki, sən tapasan. 4 ildir İsmayıllı rayon məşğulluq mərkəzinə gedib gəlirəm ki, mənə fəhləlik işi də olsa, verin, işləyim. Deyirlər, iş olanda xəbər edəcəyik. Ancaq 4 ildir heç bir xəbər yoxdur. Telefonum olmadığı üçün qonşunun telefonundan zəng edib maraqlanıram, tez-tez gedirəm. Ancaq onlardan bir səs çıxmır. Sonuncu dəfə dedim ki, iş yoxdursa, heç olmazsa inək, qoyun-quzu verim saxlayım, dolanım. Onda da deyirlər ki, sənin heyvan saxlamaq üçün yerin yoxdur. Həyətim balacadır. Bəs mən nə edim, necə edim ki, övladlarımın qarnını doyuzdura bilim”.

İsmayıllı rayon Məşğulluq Mərkəzinə günlərlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.

Ünvanlı sosial yardıma gəlincə isə bu kimi şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, əgər vətəndaş əmək qabiliyyətli şəxsdirsə, məşğul şəxs olmalıdır ki, onun ünvanlı sosial yardım məsələsinə baxılsın.
Toplum TV
Tarix: 7-03-2023, 08:44
Xəbəri paylaş





Xəbər lenti