Tərtər şəhid anaları ilə görüş keçirilmişdir


Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində 8 mart Beynəlxalq Qadınlar günü 
ərəfəsində  “HEYDƏR Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda 
ümumrayon tədbiri keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 
keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, 
hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi şəhidlərinin anaları və həyat 
yoldaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə Umummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü 
uğrunda  canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra 
rayon rəhbəri şəhid analarını, tərtərli ana və bacıları  8 Mart – Beynəlxalq Qadınlar 
Günü münasibətilə ürəkdən təbrik edib, hər birinə cansağlığı, səadət və gələcək 
işlərində uğurlar arzulayıb.

İcra başçısı  bu bayram günündə ən xoş arzularını  şəhid analarına, tərtərli ana və 
bacılarımıza  ünvanlanladığını, şəhid analarının qarşısında baş əyib, onların əllərindən 
öpdüyünü bildirib. Qeyd edib ki, onlar vətənə olan sonsuz sevgilərini  44 günlük  Vətən 
müharibəsinə igid oğullar yola salmaqla sübut ediblər. Vətənə məhəbbətlərini övlad 
məhəbbətindən də üstün tutublar. Rayon rəhbəri  “Mən torpaqlarımızın  işğaldan  azad 
edilməsi uğrunda canlarından keçən igidlərimizin  xatirəsini bir daha ehtiramla yad edir, 
şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün 
yoldaşlarına, onların qız övladlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına 
xoş arzularımı yetirirəm. İnanıram ki, Azərbaycan qadını həmişə olduğu kimi yenə də öz 
üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirəcək,”- deyib.

Bildirib ki, xalqımızın Ümummilli Lideri  Heydər Əliyev  deyirdi: “Azərbaycan qadını tarix 
boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi 
və millətinə, torpağına olan hədsiz məhəbbət və  gözəlliyi ilə tanınmışdır.”
.
8 Mart Beynəlxalq Qadınlar Gününün tarixindən də danışan rayon rəhbəri bildirmişdir ki, 
əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı 
tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bineyi - qədimdən 
Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə 
müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, 
istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl 
hərflərlə yazılmışdır.

Rayon rəhbəri vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan 
Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart 
tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə 
gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, 
rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt 
üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan 
cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın 
fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti 
əldə etməklə bu günün lideri rolunu oynayır.

Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, 
beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli 
lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik 
ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük 
diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə 
istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət 
də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə 
yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə 
yanaşsınlar”.

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu 
bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu 
qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. 
Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar 
cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək 
qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Ümummilli lider Heydər Əliyev1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması 
haqqında” sərəncam imzalamışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha 
yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək 
məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın 
Problemləri üzrə Dövlət Komitəsi yaratdı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial-
iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib 
hazırlamağı tapşırdı. Bu ulu öndərimizin Azərbaycan qadınlarına göstərdiyi qayğının 
parlaq nümunəsi idi.

Eyni zamanda qadın problemlərinin həlli zərurəti 1998-ci il sentyabrın 25-də keçirilmiş 
ilk qurultayda qeyd olundu.

Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan 
Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli 
gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam 
etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün 
Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse – prezidenti 
Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı 
və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və 
Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.

Rayon rəhbəri şəhid ailələrinin qayğıları və problemləri ilə də maraqlanıb.

Tədbirdə şəhid Hacıyev Ceyhunun anası Hacıyeva Qətibə, şəhid Mirzəli Rəşadın anası  
Afiqə Mirzəyeva, şəhid Şirinli Nurlanın anası Esmira Şirinova, şəhid Abbasov Aysənanın 
anası Rəna Abbasova çıxış edərək ölkəmizdə şəhid ailələrinin və qazilərinin 
problemlərinin daim diqqətdə saxlanıldığını, şəhidlərin doğum və anım günləri 
tədbirlərinin yüksək səviyədə təşkil olunduğunu, şəhid adlarının əbədiləşdirildiyini qeyd 
edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid analarına  rayon icra hakimiyyəti və YAP rayon təşkilatı 
tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Tarix: 8-03-2023, 09:45
Xəbəri paylaş





Xəbər lenti