İcra başçısının növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Ədalət Paşayev küçəsində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar 
qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları 
narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları 
problemləri vaxtında aradan qaldırmaqdır.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş 
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Ədalət Paşayev 
küçəsində keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, 
təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, 
bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında 
respublikamızın bölgələrində, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-
abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata 
keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən 
göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 
bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət 
mərkəzində olduğunu bildirib. Rayon rəhbəri Şuşa-Laçın yolunda ekoloji terrora 
qarşı keçirilən aksiyadan da danışıb, bu aksiyanın xalqın səsi olduğunu vurğulayıb.
Sonra şəhərin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər 
barədə məlumat verilib.

Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, 
rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. 
Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən 
də gözəl olub.

Hazırda Tərtər şəhərində 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina 
tikilir, şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, 
Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları 
müxtəlif bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardyorlar yenisi ilə 
əvəz olunur, səkilərə asfalt döşənir, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, 
telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin 
abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir 
adına park da yenidən qurulub. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunub, 
əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. 
Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının 
heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, 
parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad 
divarları aqlay və bəzək daşları ilə üzlənib, mühəccərlər təmir olunub, insanların 
istirahəti üçün şərait yaradılıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və 
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən 
nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən 
nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin 
aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Sakinlərdən İsrafil Həsənov Şah İsmayıl Xətai küçəsinə internet xəttinin çəkilməsi, 
Kəmalə İsmayılova yaşadıqları binanın həyətində qaraj tikilməsinə icazə verilməsi 
və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar 
qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya, şəhərdə 
aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.

Tarix: 29-03-2023, 17:29
Xəbəri paylaş





Xəbər lenti