Tərtərdə “Firudin bəy Köçərli və ədəbi mühiti” mövzusunda elmi konfrans keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor 
İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firudin bəy Köçərlinin 
anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firudin bəy Köçərli və ədəbi mühiti” 
mövzusunda  elmi konfrans keçirilib.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA 
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, Folklor İnstitutunun əməkdaşları, 
rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD 
üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin 
nümayəndələri iştirak ediblər.
Konfransda əvvəlcə Dövlət himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban 
vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açmaq üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. 
Rayon rəhbəri konfrans iştirakçılarını salamlayaraq onlara “xoş gəlmisiniz”,-deyib. 
Çıxışına Ümummilli Liderin Tərtər rayonu haqqında sözləri ilə başlayan icra başçısı “Tərtər 
Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  
yaşadığı bir diyardır, “-deyib.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  29 sentyabr 2022-ci 
il tarixli sərəncamı ilə  Ulu öndərin 100 illik  yubileyi münasibəti ilə 2023-cü il “Heydər Əliyev İli” 
elan olunub. Ümummilli lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük 
həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o 
dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir 
ifadəsidir.
Nə xoş ki, bu gün Sizinlə birlikdə 160 illik yubileyini qeyd etdiyimiz Azərbaycanın ictimai xadimi 
Firudin bəy Köçərlinin babası da  Tərtər rayonunu Köçərli kəndindəndir.
İcra başçısı qeyd edib ki, tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan 
şəxsiyyətlərdən olan Firudin bəy Əhməd ağa oğlu Köçərli 160 il bundan əvvəl - 1863-cü ilin 26 
yanvarında Şuşada anadan olub. Əsli Cavanşir mahalının Köçərli kəndindən olan Firudin bəyin 
ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, 
beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl 
ziyalı mühiti olmuşdu.
Bəli, Tərtər ziyalıları qürur duyur ki, bu gün Firudin bəy Köçərlinin  160 illiyinə həsr olunmuş elmi 
konfrans məhz Tərtərdə keçirilir.
Firudin bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist kimi 
çox böyük xidmətlər göstərib. O, Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli 
mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin 
təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində 
qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir. Məhz 
buna görə də Azərbaycan Respublikası Prezidentinin   14 fevral 2013-cü il tarixli Sərəncamı ilə 
Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-
yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi 
respublikamızda geniş qeyd olunub.
Nə yazıq ki, xalqını ürəkdən sevən, onun maariflənməsi üçün əlindən gələni edən belə bir 
ziyalını 1920-ci ilin mayında Qazax kommunistləri  "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", 
"torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsi olmaqda ittiham 
ediblər. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən 
süquta uğradılandan sonra o, Gəncədə heç bir əsas olmadan güllələndi. 
Millət aşiqi, maarif fədaisi olan Firudin bəy Köçərlinin gənc nəslin təhsil almasında, 
maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız böyük mütəfəkkirin işıqlı 
əməllərini heç vaxt unutmayacaq.
Bu gün maarifpərvər ziyalı Firudin bəy Köçərlinin böyüyüb boya-başa çatdığı Qafqazın incisi 
olan Şuşa böyük inkişaf dövrünü yaşayır. Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi 
əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim 
şəhər böyük mütəfəkkirlər diyarıdır. Ümummilli lider Heydər Əliyev Qarabağın Azərbaycan üçün 
müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi 
olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan 
torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması 
üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı 
böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında 
Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq 
nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, 
millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, 
əziz bir abidədir".
Təbii ki, qısa bir zamanda Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, 
mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaqdır. Şuşanın 
musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır. Yenidən Firudin bəy 
Köçərlilər, Üzeyir bəy Hacıbəylilər, Xurşidbanu Natəvanlar, Bülbüllər, Xanlar  bu torpaqdan boy 
verəcəklər, yetişən fidanlar böyük mütəfəkkirlərin yaratdığı salnamələri əxz edə-edə Şuşanın 
tarixi yaddaşına səyahət edəcəklər.
Rayon rəhbərindən sonra AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov 
çıxış edərək konfransın keçirilməsinin məqsədindən danışıb.
Sonra  AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, fililogiya elmləri doktoru 
Seyfəddin Rzasoy “Firudin bəy  Köçərlinin bədii –estetik  baxışları sistemində ədəbi mühit  
konsepti”, “Dədə Qorqud” şöbəsinin müdiri,  fililogiya elmləri doktoru Ramazan Qafarov 
“Azərbaycan uşaq folklorunun toplanması, nəşri  və tədqiqi tarixindən: “SMOMPK” toplusunun 
və Firudin bəy Köçərlinin rolu”, institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fililogiya 
elmləri doktoru, dosentr  Leyla Məmmədova “Qarabağın qadın şairlərinin   yaradıcılığı ədəbi – 
ictimai mühit konteksində”, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəşəmova “Qarabağ 
ədəbi mühiti və aşıq yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent   Qalib Sayılov 
“Qarabağ   aşıq mühiti: Aşıq Abbasqulu”,  filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov 
“Qarabağ nağıllarının  süjet özəllikləri və obrazlar sistemi” mövzularında çıxış ediblər. 
Məruzələrdə   böyük ictimai xadimin  Azərbaycan  milli ədəbiyyatı tarixindəki rolundan, onun 
maarifçilik ənənəlkərindən, əsərlərindən ətraflı söhbət açılıb.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov və AMEA 
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov qarşılıqlı xatirə hədiyyələri təqdim 
ediblər.

Tarix: 13-06-2023, 09:44
Xəbəri paylaş





Xəbər lenti