Beyləqanda BEYNİ QANA DÖNƏN DYP... - BU NƏDİ BELƏ?
XIX əsrdə iqtisad elmində “liberailzmin atası” kimi tanınan Adam Smit “Xalqların sərvəti” əsərində yazırdı: “Təsərrüfat fəaliyyəti azadlığının əsasını yaxşı qanunlar, yüngül vergilər və sülh təşkil edir.” Dövlət büdcəsinin gəlir mənbəyinin neçə faizinin cərimə və ya maliyyə sanksiyalarından formalaşdırılması proqnozlaşdırıla bilməz. Çünki, bu proqnoza gələn situativ hal deyil. Biz hansı gün öləcəyimizi və hansı tarixdə xəstələnəcəyimizi öncədən deyə bilərik? Maliyyə cərimələri də belədir. İldə neçə nəfərin və hansı məbləğdə cərimələnməsi sadəcə dövlət büdcəsinin gəlir mənbəyinə əlavə tövhə sayıla bilər. Çünki, cərimələr fiskal hədəf ola bilməz! Bizim fiskal qurumlar sadəcə yüksək cərimə limiti müəyyənləşdirib, o hədəfə əlçatanlığı təmin etmək üçün məbləğ toplamaq kimi “ymurtadan yun qırxmaq” siyasəti həyata keçirirlər. Sadəcə hüquqpozma halları hansısa səbəbdən artarsa, və büdcəyə gözləndiyindən artıq vəsait olarsa, onu sonradan xərc istiqamətinə yönəltmək olar. Azərbaycan hökuməti cərimə hədəfi və limiti müəyyənləşdirib ona canatımı motivasiya edir. Bu isə səbəb-nəticə uyğunsuzluğudur. Cərimə olunmanın hüququ fəlsəfəsi budur: insan hüquqpozmaya görə cərimə ödəməklə hüququzidd davranışlarını islah edir. Bu cərimə ödənməsi gəlir mənbəyi olduğu üçün edilmir, həm də (!) gəlir mənbəyi olduğu üçün edilir. Demək, əsas hüquqi məqsəd insanın artıq pul ödəməklə öz davranışlarını hüquqi ölçüyə uyğunlaşdırılmasıdır. Digər tərəfdən isə… Cərimələrdə dövlət qurumları və ya müfəttişlər niyə bu qədər maraqlı olsun ki? Sadə səbəbi var: cərimə protokolu tərtib edən müfəttiş (vergi, gömrük, polis) bununla əməkhaqqına əlavə ödəniş imkanı əldə edir. Belə ki, Büdcədənkənar İnkişaf Fondları təsnifatına daxil olan qurumlarda (Vergilər Nazirliyi, Gömrük Komitəsi, DİN) müfəttişlər cəlb olunan cərimələrin 20% həcmində aylıq vəzifə maaşlarına əlavə olunur. Ona görə də cərimə olunanların sayı və onların ödədikləri məbləğin həcmi ildən-ilə, ayda-aya artır. Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının tağımının əməkdaşları Saatlı, İmişli, Beyləqan rayonlarında yerli polis şöbələrinin yol polisi bölmələri ilə birlikdə reydlər keçirirlər. Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilir. Reydlər zamanı ümumilikdə yüzlərlə avtomobil saxlanılır. Bu barədə Beyləqan rayonundan redaksiyamıza daxil olmuş məlumatda qeyd olunur ki, 99 YP 054 dövlət nömrə nişanlı ekipajda əyləşən, “general müavini” deyilən Saqin adlı polis polkovnik-leytenantı və əvvəli 700-cü rəqəmlərlə qurtaran DYP ekipləri xüsusi canfəşanlığı və qəddarlığı ilə fərqlənir. Vurğulanır ki, həm Birinci Qarabağ, həm də Vətən müharibələri dövründə Beyləqan bufer rayonu olduğu üçün bölgədə şəhid, qazi və müharibə iştirakçısı bir çox başqa rayonlara nisbətən çox olub. O üzdən post-müharibə dövründə də hərəkət iştirakçıları, sürücülər arasında müvafiq olaraq şəhid ailələrinin üzvləri, qazilər və onların yaxınları, veteranlar az deyillər. Yerli yol polisi cəmiyyətin bu həssas təbəqəsinə aid şəxslərlə münasibətdə mülayim rəftar edirdi. Amma ezam olunan alay qayda pozanlarla profilaktiki söhbət aparmaq istəmir, necə deyərlər, “ağına-bozuna baxmadan” kimi harda tutdu, cərimələyir, duracağa aparır. Qeyd olunur ki, alayın əməkdaşları hətta özləri də yol hərəkəti qaydalarını pozur, avtomobilləri magistral yolun ortasında dayandırır, vətəndaşlarla rəftarlarında etik qaydaları belə gözləmir, leksikonlarında rusdan miras qalmış vulqar və amiranə ibarə olan “davay” ibarəsindən tez-tez istifadə edirlər. Təkcə taksi xidməti göstərən minik avtomobilləri deyil, yay mövsümündə kənd təsərrüfatı ilə bağlı işlərə cəlb olunan əsasən qadınlardan ibarət işçi qüvvəsini tarlalara daşıyan kiçik və orta tutumlu mikroavtobuslar da maşının və sürücünün yüngül nöqsanlarına görə saxlanılır, bu da sərnişinləri işdən-gücdən avara edir. Bir sözlə, bu soyğunçuluqda da əsas zərbə yenə də zəhmətkeşə, kasıb-füqəraya dəyir. …Cəmiyyət həyatını tənzimləyən zaman istifadə olunan alətlərdən biri də maliyyə sanksiyaları hesab olunur. Lakin bu cərimələr maariflənmədən daha çox, fiskal məqsədə xidmət edirsə, demək məqsəd sosial gərginliyi azaltmaq və ya maariflənmə yox, yalnız gəlir əldə etmək imiş. Əslində maliyyə sanksiyaları tətbiq edilən zaman məqsəd heç də gəlir əldə etmək yox, həm də gəlir əldə etmək olmalı idi. Ramin Məhəmmədoğlu RealMedia.az