Mingəçevir sakinləri antisanitariyadan şikayətçidirlər: “Boğaza yığılmışıq”


Məsul qurumlar isə problemi bir-birinin üzərinə atır
Mingəçevirin “Günəşli “qəsəbəsi, “Bağlar massivi” 10-cu küçədə yaşayan sakinlər qonşularının qeyri-qanuni  fəaliyyəti və aidiyyəti qurumların hərəkətsizliyindən narazıdırlar.
Sakinlər Meydan Tv-yə deyirlər ki, həmin ünvanda yaşayan İlham Çingiz oğlu Zamanov qohumu Nadir Zamanovla əlbir olub qeyd olunan küçədə iki heyvan ferması tikib, qəssab fəaliyyəti  ilə məşğuldur.
Onların sözlərinə görə, artıq dörd ildir ki, həmin küçədə yaşayan 40-dan çox ev sakinin nə gündüzü var, nə də gecəsi. Üç ildir ki, eyni ünvanda məskunlaşan Pərviz Xutrayev evinin qonşunun tövləsi ilə məsafəsinin heç bir metr olmadığını deyir:
Bir də gördün lafetlə heyvan, yüzlərlə ot bağlaması gətirdi tökdü, toz-dumana qalxdı. Tövlə təmizləyirlər, kəskin heyvan və nəcis  qoxusu aləmə yayılır. Fəhlələrin səsi də evinin içindən gəlir. İstidə qapı, pəncərə açmağa peşman olursan. O an evi milçək basır, qoxu bürüyür. Bu istidə ət kəsir deyə milçəklər qan və içalatın üzərinə toplanır. Xəstəlik, üfunət və antisanitariyadan boğaza yığılmışıq”.

“Kamazla gecəyarısı peyin daşıyırlar”
O əlavə edir  ki, qonşunun özbaşınalığına son qoyulmayınca özü daxil, qəsəbə sakinləri sakit, təmiz  yaşamaq hüququndan məhrum qalacaqlar. Əsas da kanalizasiya xətti ilə gələn üfunət onların kabusuna çevrilib:
Kamazla gecəyarısı peyin daşıyırlar. Lapatkanın, fəhlələrin səsindən, qoxudan  bir dəqiqə belə rahatlıq olmur. Həyətdə ət də kəsib satır. Şəhərdə qəssab məntəqələri də var.
Milçəyin, həşəratların əlindən tərpənə bilmirik. Utandığımızdan dostları, qohumları evimizə qonaq çağırmırır. Əvvəl məhlədə hamı şikayətçi idi. İndi bəzilərini ətlə, qoyunun dərisi, içalatı, ağaclarına peyin verməklə ələ alıb. Biz heç nə götürmürük  ki, şikayətimizə baxsınlar, özbaşnalığa son qoysunlar. Şikayət edəndə də deyir ki, “pul qazanıram”. Pul qazanır deyə antisanitariyadan ölməliyik?  İpə sərilən paltarlarımıza belə toxuna bilmirik, elə bil dəsmalla deyil, qoyunla qurulanırsan, qoyun dərisi geyinmisən. İki fermasında 500-600 baş, hətta “Qurban” bayramında  800 baş qoyunu, iribuynuzlu heyvanı vardı, xeyli kəsim də edildi.  Utanırıq daha şikayət etməyə. Hətta bu söz-söhbətdən, əsəbdən ölən oldu.  Bura fermadır, yaşayış yerləri başqadır. Şikayət edən kimi qaçıb içəridə gizlənir. Fermanın səs-küyü, iyi, qoxusu mənim evimdə nə gəzir? Hara şikayət edirik, əl atıb hər yeri susdurur”.


Plomb qoymurlar, o da acığa heyvanın sayını artırır”
Şikayətçilərdən Qədir Ziyadzadə ərazidə çörəkçi işləyir.
İllərdir ki, həmin küçə sakinidir.
O deyir ki, hər gecə qoyun-quzu mələşməsi, fermadakı işçilərin səs-küyünə adət etsə də, yaşamı dözülməzdir. Nə cərimə, nə də töhmət ferma sahibini qorxudur. Əksinə, hansısa gözəgörünməz əllərin dəstəyi ilə fermanı böyüdür:
“Qida Təhlükəsizliyi Agentliyi, İcra Hakimiyyəti, polis 3 dəfə guya gəlib onları 200, 400, 800 manat müqabilində cərimə edib. Deyirlər, ancaq cərimə sənədini görmürük. Bağlamırlar. Gülə-gülə həyətinə girib, gülə-gülə çıxıb gedirlər. İşi də gecə ona görə edirlər ki, iş vaxtı olmadığı üçün  cərimələnməsinlər. Süfrə üstünə şirniyyat, yemək, ağartı məhsulu, çay qoymaq olmur, milçəklər bürüyür. Çoxdanın çörəkçisiyəm. Onların əlindən çörək bişirə bilmirəm. Peyinlə çörək düz gəlmir axı. Günahdır. İnsanlar iyrənir, gəlib çörəyi necə alsın. Fermaya görə yaşayış yoxdur”.

Baytarlıq İdarəsi deyir ki, bizlik deyil, İcra Hakimiyyəti də heç nə edə bilmədi. Qəbula getmişik, icra başçısı dedi ki, nə edək, gedib qoyunu, heyvanı ordan sürüyüb  çıxaraq? Plomb qoymurlar, o da acığa heyvanın sayını artırır. Bu adamın arxası güclüdür. Bunlar iki əmioğludur: işlədən və pul ayıran. Pul ayırana şikayət edəndə deyir ki, mənlik deyil, gedin İlhama şikayət edin. O da “ağdamlıyam, qaçqınam. Bir il gözləyin çıxıb gedəcəyik”, – deyir. Amma əminəm gedən deyil, o bir illər çox olub”, – deyə sakin bildirib.
Heç kim  mənə bunu qadağan edə bilməz”
Ferma sahibi İlham Zamanov öncə ittihamlarla razılaşmasa da, 50 ildir ki, ailəvi bu işlə məşğul olduqlarını deyir.
O, heyvan sayının isə az olduğu əsas gətirib sakinlərə mane olmadığını iddia edir. Hətta sübut üçün tövlənin indiki halını göstərəcəyini desə də, sonra fikrindən daşınır.
Deyir ki, cərimə və qadağalar onu bu məşğuliyyətindən uzaqlaşdıra bilməyəcək:

“Qərəzli şikayətdir. Tövlə deyil, sadəcə, heyvan saxlayırıq. Əvvəl  fermamızda  7-8 baş danamız, 50-60 baş qoyunumuz olub. Qida Agentliyi bir dəfə 200 manatlıq cərimə edəndən sonra iki danamız, 20-30 baş quzumuz qalıb. Şikayətlərə görə satıb azaldıram. Çoxdandır ailəvi bu işlə məşğuluq. Heyvan saxlamaq və kəsmək dolanışıq yerimdir. Qəssab da mən deyiləm, başqalarıdır. Nadir Zamanovun da mənimlə işbirliyi  yoxdur. Nə ilə dolanım? Vətəndaş olaraq öz həyətimdə qoyun, heyvan saxlamaq ixtiyarım var. Heç kim mənə bunu qadağan edə bilməz. Ölkə prezidentinin qərarı var. Məcburi köçkünü yerləşdiyi yerdən heç kim tərpədə bilməz, geri qayıdana qədər. Biz də geri qayıdanda öz torpağımızda davam edəcəyik”.
Qurumlar problemin həlli istiqamətində təsirli  iş görə bilməyiblər”
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsindən Mahir Əliyev Meydan TV-yə deyib ki, vətəndaşların haqlı müraciəti araşdırılıb.
O, İlham Zamanovun  qanunsuz heyvan saxlama və kəsimi fəaliyyətinə son qoyulması üçün 11 saylı Ərazi Vergilər İdarəsinə, Qida Təhlükəsizliyi Agentliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ərazi İdarəsinə, şəhər Sanitariya və Epidemiologiya Mərkəzinə müraciət edildiyini bildirib.

Mahir Əliyev qeyd edib ki, sözügedən qurumlar problemlə bağlı təsirli tədbirlər görməyiblər, ona görə də problemin tək həll yolu məhkəməyə müraciət etməkdir:
“İlham Zamanov adlı şəxs o torpağə bağ məqsədilə alıb. Amma orada qanunsuz heyvan kəsimi, saxlaması həyata keçirir. Ora baxış keçirmişik, kəskin qoxu, antisanitarik vəziyyət var. Vəziyyət çox pisdir. Bu adam Bağdadda “kor xəlifə” prinsipi ilə yaşayır. Dəfələrlə onunla profilaktik söhbətlər aparılıb, ancaq deyir ki, fəaliyyətimi dayandırmayacağam. Vergidən yayınmaya, qeyri-qanuni ət kəsim, antisanitarik vəziyyətə görə biz də bir neçə aidiyyəti quruma müraciət etmişik. Ancaq o qurumlar problemin həlli istiqamətində iş görə bilməyiblər. Qida Təhlükəsizliyi Agentliyini lazımı məsələlərdə  görmək olmur. Sahibkar da fəaliyyətində  davam edir. Vətəndaşlara  məlumat veririk ki, ancaq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4 və 25-ci maddələrinə əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edib, qarşı tərəfin fəaliyyətinə qadağa qoyulmasını tələb edə bilərsiniz. İddia ərizəni icra hakimiyyəti öz adından verə bilməz, ancaq vətəndaşlara hüquq şöbəsi olaraq iddia ərizəsi üçün hüquqi yardım edə bilərik”.
“Yalnız məhkəmə qərarı ilə onun fəaliyyətinə son qoyula bilər”
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı Murad Həsənov deyir ki, əraziyə Qida Təhlükəsizliyi Agentliyi və İcra Hakimiyyəti ilə birgə üç dəfə baxış keçirilib, akt tərtib edilib və sahibkar hər birində 300 manat olmaqla üç dəfə cərimə edilib.
Onun sözlərinə görə, mülki xarakterli şikayət olduğundan sahibkarın qeyri-qanuni fəaliyyətinə son qoymaq gücündə deyillər:
Biz baxanda 15 baş iribuynuzlu heyvan var idi, 150 baş xırdabuynuzlu. Kəsim avadanlığını da ləğv etdilər. Sonra azaltdı. İndi şəxsi istehlak miqdarında heyvan saxlayır. Gücümüz çatan ancaq Qida Təhlükəsizlik Agentliyinin xətti ilə ona protokol tərtib etmək olur. Bu, mülki xarakterli şikayətdir. Cinayət tərkibi olsa, bizim qurum araşdırıb cəza verər.  Polis şöbəsinin ixtiyarı yoxdur ki, məhkəmə qərarı olmadan vətəndaşı mülkindən çıxarsın”.
Mingəçevir Şəhər Polis Şöbəsi. Foto: DİN
11 saylı Ərazi Vergilər Baş idarəsindən isə vətəndaşların şikayəti üzrə əraziyə  baxış keçirdiklərini bildirdilər. Ancaq problemlə bağlı hansı tədbirlər gördüklərini xatırlaya bilmədilər.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bu problemin araşdırılması nazirliyin səlahiyyətləri daxilində olmadığını qeyd etdilər.
Şikayətdə ən çox adıçəkilən Qida Təhlükəsizlik Agentliyi isə Meydan TV-nin sorğusuna cavab verməyib.
Tarix: 13-07-2023, 22:37
Xəbəri paylaş





Xəbər lenti