Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu BİA.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə mürəciət edib. Müraciəti olduğu kimi təqdim edirik:
"Cənab Prezident, çox hörmətli Mehriban xanım Əliyeva, hörmətli Kamran Əliyev yazıb sizə bildirirəm ki, mən kənd təsərrüfatı ilə məşğul olan bir fermərəm. 2000-ci ildən 2022-ci ilə qədər mən İsmayıllı Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan Şamaxı rayon Dəmirçi kəndinə yaxın yay otlaq sahəsini icarəyə götürmüşəm. 2022-ci ildə yenidən icarə üçün müraciət etdim. İcra Hakimiyyətindən gələn nümayəndə heyəti mənim xəstə olduğum üçün evdə olmadığımdan istifadə edərək qoyunlarımın olduğu əsas yerə baxış etmədən həyətimdəki, 43 baş qoyunu sayaraq gediblər. Mən xəstəxanadan qayıtdıqdan sonra qoyunlarımın düzgün sayılmadığını bildirərək, yeni komissiya yaranmasını tələb etdim. Yenidən gələn komissiya bütün qoyunlarımı sayaraq mənim həqiqətən də 367 baş qoyunum olması haqqında rəy verdi. Bu məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda oldum, o da mənə bildirdi ki, uzun illərdir sənə icarəyə verilən yer yenidən sənin olacaq, narahat olma.
Lakin həmin yerə iş adamı Ədalət Göyüşovun göz dikməsi işin gedişini dəyişdi. Mənə komissiyanın verdiyi 2-ci rəy nəzərə alınmadı, yalnış hesablanmış 1-ci rəyi əsas tutaraq mənə bildirdilər ki, 43 baş qoyunun olduğu üçün həmin ərazini sənə verə bilmərik. Çünki adı çəkilən yay otlaq sahəsi çox sayda xırdabuynuzlu heyvanların otarılması üçün nəzərdə tutulub. Mən onlara 2-ci komissiyanın rəyini göstərərək bildirdim ki, mənim 43 baş deyil 367 baş heyvanım var. Bu da sübutu. Bütün bu dediklərimə qulaq asan belə olmadı. Dəfələrlə başçının müavinləri Eyyub və Mahmud müəllimin qəbulunda olmağım belə heç nəyi dəyişmədi. Çünki, mən arxasız bir kəndli, Ədalət Göyüşov isə tanınmış və ətrafı yüksək vəzifəli şəxslər olan bir iş adamı. Bütün nüanslar mənim haqlı olduğumu göstərsə də Nahid Bağırov və onun ətrafı Göyüşovdan qorxduğu üçün məsələni onun xeyrinə həll etməyə çalışırlar.
Hazırda həmin yay otlaq sahəsində Ədalət Göyüşovun olmadığı deyilən 50 baş keçi, 60 baş isə iribuynuzlu heyvan var. Müqavilədə həmin ərazidə iribuynuzlu heyvanların otarılmasına icazə verilməsə də Ədalət Göyüşovun adı bəzi qanunları pozmağa şərait yaradıb. Mənə 1-ci komissiyanın rəyini əsas götürərək 43 baş xırdabuynuzlu heyvanımın olduğunu bildirərək müqavilədən imtina etdirməyə calışan İsmayıllı Rayon İcra Hakimiyyəti nə məsələdirsə, Ədalət Göyüşovun 50 baş keçisinin orada otarılmasına icazə verir.
Cənab Prezident, hömrətli Mehriban xanım mənim ola bilər ki, Ədalət Göyüşov qədər nüfuzum, onun arxalandığı yüksək çinli məmurlar kimi arxam yoxdur. Amma mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə güvənirəm. Mənim arxa dayağım göydə Allah, yerdə Sizlərsiniz. Xahiş edirəm haqlı olduğum bu məsələnin həllində mənə kömək edəsiniz.
Hörmətlə:
Mürsəlov Azər Xandadaş oğlu, Ağsu Rayon Ərəbuşağı kənd sakini."