“İllərdir ki, bütün rayonun zibilləri və kanalizasiya tullantıları evimizin yaxınlığına tökülür. Üfunət iyindən, tüstü qoxusundan yaşaya bilmirik. Hər gün yandırılan zibillərə görə bizdə toksiki zəhərlənmə olur, özümüz, uşaqlarımız xəstəlik tapmışıq. Evi alan da yoxdur ki, satıb canımızı qurtaraq”.Bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar rayonunun Muğan kəndi ərazisində yaşayan Tünzalə Məlikova müraciət edib.
Onun bildirdiyinə görə, sözügedən ərazi rayonun mərkəzi – Mübariz İbrahimov küçəsinin qurtaracağında yerləşir. Əvvəllər də bura zibil tökülüb, lakin torpağı qazaraq zibilləri basdırıblar. Hazırda isə ərazidə tullantılar yandırılır: “Bütün rayon mərkəzinin, yaxınlıqdakı Xırmandalı kəndinin, rayondakı xəstəxananın zibilləri evimizin yanına tökülür. Hər gün rayonun müxtəlif yerlərindən iri yük maşınları ilə kanalizasiya tullantıları gətirilib zibilliyə boşaldılır. Hər gün 50-dən çox belə maşın sayıram ki, gətirib zibilləri yanımıza boşaldır.
Zibillik də hər gün yandırılır, yandıranda havaya təxminən 7-8 metr hündürlüyündə alov qalxır. Zəhərli tüstü ətrafı bürüyür. Tüstüdən tez-tez zəhərlənirik. Elə ki gördük ürəyimiz bulanır, qaytarırıq, bilirik ki, zəhərlənmişik. Xoşbəxtlikdən gəlinim tibb işçisidir, iynə vurur, qatıq içirdir ki, özümüzə gələk”.
Şikayətçi bildirir ki, yaşadıqları evdən, geyindikləri paltarlardan həmin zibillərin iyi gəlir. Artıq vəziyyət o həddə çatıb ki, öz evlərində yaşaya bilmirlər: “Nəvələrim bu vəziyyətə görə xəstəlik tapıblar. Yaxınlığımıza kanalizasiya ilə yanaşı iylənmiş gön-dəri, heyvan leşləri də atılır. Evdə bu istidə qapı-pəncərə aça bilmirik, bununla belə dəhşətli qoxu içəri dolur. Nə qədər gecəyarısı qohumların evinə gedib qalmaq olar?! O gün yenə dözülməz vəziyyət idi, uşaqları götürüb maşına mindik, gedib rayonun içərisində gecəni maşında yatdıq. Evimizi yiyəsiz qoyub gedə də bilmirik, bir dəfə girib evi soyublar. Bizimlə bərabər 20-dən çox bu vəziyyətdə olan ailə var. İcra hakimiyyətinə, bələdiyyəyə bu barədə dəfələrlə şikayət etmişik, deyiblər ki, 1-2 aya düzələcək. Amma həmin vəddən illər keçib, heç nə düzəlməyib”.
Problemlə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH başçısının birinci müavini Azər Cəfərli sorğumuza cavab olaraq bildirdi ki, zibilliyin rayonun digər kənar ərazilərinə köçürülməsi nəzərdə tutulmayıb: “Həmin ərazi 1994-cü ildə Biləsuvar RİH tərəfindən ayrılıb. Tullantıların daşınması üçün mütləq bir poliqon olmalıdır. Əks halda onların utilizasiyası mümkün olmur. O vaxtdan məişət tullantıları primitiv qaydada həmin əraziyə daşınıb. Amma 94-cü ildə sözügedən ərazi tullantılar üçün ayrılanda orada yaşayış məntəqələrindən kifayət qədər uzaq idi. Sonra insanlar bilə-bilə ki, yanında zibil poliqonu var, gedib orada özlərinə ev tikiblər. İndi də həmin poliqonun yığışdırılmasını tələb edirlər. O vaxt bununla bağlı addım atanda, məskunlaşmaq üçün ev tikmək istəyəndə baxmalıydıq ki, bunun sağında, solunda nə var, ondan sonra qərar verməli idik”.
A.Cəfərli, həmçinin qeyd edib ki, sözügedən ərazidə tullantıların utilizasiyası ilə bağlı yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə oradakı tullantıların sivil qaydada, ətraf mühitə zərər vurmadan utilizsiya olunması ilə bağlı bir layihəmiz var. Bu, bir qədər bahalı layihədir. Yaxın vaxtlarda onu həyata keçirəcəyik”.
Tarix: 18-07-2023, 17:17