İcra başçısı yaydığı görüntü müzakirələrə səbəb olan məmurla bağlı tədbir gördü - VİDEO
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Səttar Azər oğlu Əliyevin sosial şəbəkələrdə yayılan görüntüləri müzakirəyə səbəb olub.
S.Əliyevin doğum gününü “oğru dünyası”na xas şəkildə keçirməsi, üstəlik bunu lentə alaraq paylaşması pis örnək və dövlət məmuru adına xələl gətirəcək hərəkət kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Pravda.az Neftçala Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Neftçala RİH-dən sorğumuza cavab olaraq bildirilib ki, S.Əliyev barəsində tədbir görülüb: “Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Əliyev Səttar Azər oğlu dövlət qulluqçusunun etik davranış qaydalarını pozduğuna görə onun barəsində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və Əmək Məcəlləsinin 187-ci maddələrinin tələblərinə uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 22 iyul 2023-cü il tarixdə “İntizam Tənbehi” tədbiri görülüb. S.Əliyev dövlət qulluqçusunun etik davranış qaydalarına ciddi əməl edəcəyini və belə halların təkrarlanmayacağını bildirib”.
Qeyd: 1997-ci il təvəllüdlü S.Əliyev 2020-ci ildən Kürkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışır. O, 2018-ci ildə Azərbaycan Neft və Sənaye Universitetindən məzun olub, ailəlidir.