Vasif Talıbovdan sonra onun başına “taleh quşu qondu” – Nazir müavininin yeni biznesi
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefasından sonra Naxçıvanda gözlənilməz hadisələr baş verdi.27 il Vasif Talıbovun köməkçisi olan Ramiz Məmmədov muxtar respublikada əsas söz sahiblərindən birinə çevrildi. Halbuki, Talıbovun rəhbərliyi dövründə Ramiz Məmmədov sadəcə köməkçi vəzifəsini icra etmiş, ona heç bir sahəyə müdaxilə imkanı yaradılmamışdı.
Vasif Talıbovun istefasından qısa müddət sonra Ramiz Məmmədovun oğlu Ramin Məmmədov Naxçıvanda yüksək vəzifəyə - nazir müavini təyin olundu. Halbuki, Vasif Talıbov onun Bakıda işlədiyi sahədə buraxdığı böyük və ciddi nöqsana görə, Naxçıvanda hansısa vəzifəyə təyin edilməsini məqsədəuyğun hesab etməmişdi.
TNS-in əldə etdiyi məlumata görə, fövqəladə hallar nazirinin yeni müavini atasının hazırkı mövqeyindən yararlanaraq muxtar respublikada biznes imperiyasını qurmağa başlayıb.
Bu ilin mart ayında Naxçıvanda “CREO PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Şirkətin qanuni təmsilçisi Fərəcov Emin Zakir oğlu, hüquqi ünvanı Babək rayonudur. Məhdud Məsuliyyətli Cəmiyyət 29 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb.
Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumata görə, bu şirkətin əsl sahibi Ramiz Məmmədovun oğlu Ramin Məmmədovdur. Şirkətin fəaliyyət istiqamətləri barədə dəqiq məlumat yoxdur. Mənbənin sözlərinə görə, şirkətin tikinti sektorunda fəaliyyət göstərəcəyi bildirilir. Görünür, yaradılmış imkandan səmərəli istifadə edən Ramiz Məmmədov Naxçıvanda aparılacaq genişmiqyaslı tikinti-quruculuq işlərində yaxından iştirak etmək, tikinti biznesini formalaşdırmaq fikrindədir. Hansısa istehsal və xidmət sektoru daha gec qazanc gətirir. İstehsal və xidmət sektorunun gəlir gətirməsi üçün illər lazımdır. Amma tikinti sektorunda qazanc əldə etmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur. Bunanı tik, yolunu çək, dövlətdən pulunu al. Deyəsən, cənab Məmmədov 27 ili hədər yerə keçirməyib. O, Vasif Talıbovdan nələrsə öyrənib. Axı Vasif Talıbov da Naxçıvanı “tikmək” hesabına varlanmışdı.
Tarix: 6-08-2023, 09:27