Dağlıq Şirvan Regional Təhsil İdarəsində "ÖTÜR-ÖTÜR OYUNU" - Agsu sakini ölkə rəhbərlərinə müraciət etdi
Ağsu Rayon Pirhəsənli kənd sakini Zərbalıyev Fuad Şaiq oğlu BİA.az-a müraciət edərək bildirir ki, övladı Zərbalıyeva Aylin Fuad qızının xüsusi istedadı olduğu üçün onun eksternat qaydada 3-cü sinifdən 5-ci sinifə keçməsi üçün 2022-ci ilin noyabr ayında Ağsu Rayon Pirhəsənli kənd orta məktəbinin direktoruna rəsmi şəkildə müraciət edib.Onun müraciəti əsasında dekabr ayında komissiya yaradılmış və müsbət rəy vermişdir.
Vətəndaşa bildiriblər ki, ikinci imtahan olacaq bu imtahanın vaxtı və yeri barədə sizə məlumat veriləcək.Lakin uzun müddət keçsə də valideynə heç bir məlumat verilməyib. Məsələnin gedişatından narazı olan Fuad Zərbalıyev Ağsu Rayon Təhsil Sektoruna müraciət edib.Təhsil Sektorundan bildiriblər ki, məsələ barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsimə rəsmi məlumat verilib və artıq məsələnin məsuliyyəti onların nəzarəti altındadır.
Bundan sonra valideyn Dağlıq Şirvan Regional Təhsil İdarəsinə gedərək ilk öncə Regional İdarənin rəis müavini Gülnisə xanımla görüşüb. Gülnisə xanım da öz növbəsində vətəndaşı Təhsilə Nəzarət Sektorunun müdiri İsa müəllimin yanına göndərib. İsa müəllim zamanında kadrların olmamasını, biraz məsuliyyətsizlik olduğunu bildirərək, artıq şagirdin 3-cü sinifdən 5-ci sinifə keçməsinin mümkün olmadığını bildirib.
Məsələ ilə bağlı DŞRTİ-dən bu məsələ ilə məşğul olmalı olan Anar Osmanovla dəfələrlə əlaqə saxlamaq istəsək də zənglərimizə və yazılan mesajlarımıza hörmətsizcəsinə cavab vermədi. Regional İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin belə addımı başa düşülən deyil.
Vətəndaş saytımız vasitəs ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I vitse Prezident Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə müraciət edərək onun övladının haqqının bərpasına kömək edilməsini xahiş edir. Valideyn həmçinin bildirir ki, bəzi məmurların məsuliyyətsizliyi səbəbindən övladının psixologiyasına həddindən artıq mənfi təsir göstərib.
Mövzunu diqqətdə saxlayacağıq.
BİA.az
Tarix: 11-08-2023, 13:01