İcra başçısı və deputat Şəhid ailələrini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev ilə bilikdə mülki şəhidlər Xaliq və Elşən Abbasov qardaşlarının ailəsinə baş çəkib, onların dərdlərinə şərik olaraq başsağlığı verib. Bu barədə yerli RİH-dən xəbər verilib. 44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 2020-ci ilin sentyabr ayının 29-da erməni təxribatçılarının rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itiriblər, xeyli insan isə xəsarət alıb. Bu erməni vəhşiliyinin daha bir təzahürüdür. Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi. Dövlət tərəfindən şəhidlərin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub, onlara maddi və mənəvi dəstək göstərilir. Abbasovlar ailəsi bu dəstəyə görə ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Allah şəhidlərimizə rəhmət eləsin!