“Bu faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar rayonuna ezam olunmuş əməkdaşlarının 2023-cü ilin iyun ayında apardıqları yoxlama zamanı subut olundu, amma…”Ucar rayon sakinləri - Əliyev Məsim Kərim oğlu, Hüseynov Cavid Dadaş oğlu, Nəbiyev Rəhim Tahir oğlu, Səlimova Reyhan Xasay qızı, Yaqubova Cəmilə Məzahir qızı və Məmmədova Bəmövşə Əlisa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, «DOST» Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova, «DOST» İş Mərkəzi MMC-nin direktoru Firudin Cəbrayılova müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
“Ucarın icra başçısı Mənsur Məmmədov və müavini Vaqif Mehdiyevin törətdikləri vəzifə cinayətlərinə görə, rayonda işsiz gənclər və sağlam insanlar işlə təmin oluna bilmirlər. Hansı ki, iş yerləri olan kimi bu korrupsioner “cütlük” öz qohum-tanışlarını ora təyin etdirirlər. Ucarda gənc, sağlam və əmək qabiliyyətinə malik olan insanlar işsiz olduqları üçün acınacaqlı vəziyyətdə yaşayırlar. Ancaq imkanlı, qoca və xəstə adamlar “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir, özləri bir gün də olsun işə gəlmədən hər ay maaş alırlar. Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyev yaradırlar ki, bu da korrupsiya cinayətidir.
İcra başçısının qohumu, Ucar rayon sakini, 2-ci dərəcəli əlil Ələkbərov Şahlar Xəlil oğlunun və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızının hər ikisinin 68 yaşı var. Qoca yaşlarında, üstəlik də ciddi xəstə olan ər-arvadın adları “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işdə gedir. Ancaq özləri bir gün də olsun işə gəlməyib, qanunsuz davamiyyət yazılıb, hər ay maaş alırlar. Eyni vaxtda bu ər və arvad həm də qocalığa görə təqaüd alırlar.
Həmçinin qeyd edık ki, Şahlar Ələkbərov ciddi xəstə olmaqla 2-ci dərəcəli əlildir, həyat yoldaşı İradə İsrayılova da sağalmaz xəstəliyin daşıyıcısıdır.
Lakin onların bu xəstəlikləri sağlamlıq haqqında tibbi arayışda qəsdən, qanunsuz olaraq göstərilməyib, gizlədilib.
Belə ciddi xəstələrin “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul edilməsinin özü cinayət hesab edilir.
Ucar rayonunda çoxlu sayda kasıb gənc və sağlam insanlar var ki, işsizdilər. Hansı ki, onlar belə sosial işlərə cəlb edilməlidirlər. Qeyd etdiyimiz faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar rayonuna ezam olunmuş əməkdaşlarının 2023-cü ilin iyun ayında apardıqları yoxlama zamanı subut olundu. Ancaq indiyə qədər heç bir tədbir görülməyib. Çünki 68 yaşlı qoca ər-arvad Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin yaxın qohumlarıdır. Buna görə, qoca və xəstə olan ər-arvad 68 yaşında işə qəbul olunub, işə gəlmədən hər ay qanunsuz maaş alsalar da, nazirlik də onların qarşısında acizdir.
Prezident İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, Respublikada kasıb, imkansız, cavan və sağlam insanlar işlə təmin olunub, ailələrini dolandıra bilsinlər. Çox təssüf ki, Mənsur Məmmədov və Vaqif Mehdiyev “cütlüyü” öz maraqlarını prezidentin dövlət maraqlarından üstün tutub, “DOST” MMC-ni imkansız, işsiz Ucar sakinlərinə düşmən etdilər.
İcra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin qanunsuz əməlləri bununla bitmir. Onların bütün fəaliyyəti başdan ayağa korrupsiya əməlidir, talançılqdır, qohumbazlıqdıq və özbaşınalıqdır ki, ciddi araşdırlmasına zərurət var.
Cənab Prezident!Sizdən xahiş edirik ki, şikayətimizdə göstərdiyimiz faktların obyektiv araşdırılması, korrupsiyaya bulaşmış icra başçısı Mənsur Məmmədov və onun mavini Vaqif Mehdiyev barəsində hüquqi tədbirlər görülməsi ilə əlaqədar müvafiq qurumlara göstəriş verəsiniz”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 1-09-2023, 22:46