Tərtərin icra başçısı vətəndaşların müraciətlərini dinləyib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 24 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Bu barədə RİH-dən xəbər verilib. Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, pay torpaq sahəsinin zəbt olunması, maddi yardım, ev təmirinə köməklik, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, ünvanlı sosial yardım, evlə təmin olunma, yeni tikilmiş evinə qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub. Qəbulda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən 15 sentyabr yeni dərs ilinin başlanması münasibəti ilə 3 imkansız ailənin övladlarına məktəbli forması verilib. Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.