“Buradan böyük kənd yoxdur, amma yaşayışımız sıfır vəziyyətdədir deyə heç kəs kənddə qalmır”


Lətərsi dağının döşündə yerləşən Şabranın Leyti kəndində problem 1 deyil, 2 deyil. Bu kənddə yaşayanları sevindirən tək şey kəndin təbiəti, havasıdır. Şəraitə gəldikdə isə kənd camaatı problemləri saymaqla bitirmir.

Kənddə qaz, məktəb, ərzaq mağazası, aptek yoxdur. Kəndin asfalt yolu da olmadığından gediş-gəliş çətinləşir. Yağışlı, qarlı havalarda isə kəndin rayonla əlaqəsi tamamilə kəsilir.

Kənd camaatı deyir ki, bu problemlər onların aylıq xərcini daha da çoxaldır, kənddə yaşayışı çətinləşdirir. Hələ qaz olmadığından kənd camaatına istiliyi təmin etmək üçün odun almaq da baha başa gəlir.

“350 manata odun başa gəlir, o da necə. 120 manata bilet alırsan, o da oduna baxır, quru odun, yaş odun. O dövrdə odunlara baxmırdılar, indi hər şeyə baxırlar. Doğramağa adamın yoxdursa, 50 manat verib doğratdırırsan. 120-150 manata maşın tutub aparırsan. Bunların hamısı puldur, üst-üstə gələndə 300 neçə manat edir. Gedib bir balaca odun qırırsan, onu qəşəngcə yazırlar adına, 800-900 manat. Biz hökümətə borclu olanda tez qaçıb gəlirlər. Amma biz yetimlər, hökümət bizə borclu olanda deməli biz bihesabıq”.

Nüsrəddin kişi qazsızlıq probleminə həll yolunu həyətindəki ağacları kəsməkdə tapıb. Kəndlilər gündəlik yemək bişirilməsi üçün isə qaz balonundan istifadə edirlər.

“Məsələn, mənim həyətimdə müəyyən ağaclar var, kəsmişəm işlədirəm. Balonla qaz alıram, 35 manata başa gəlir. Hansı ki, 20-22 manatadır. Yol pulu var, Xaçmazdan doldurub gətiririk”.

Kənddəki əsas problemlərdən biri də asfalt yolun olmamasıdır. Problemin həlli kimi yolu daş, çınqıllarla doldurublar. Amma bu avtomobilləri daha da sıradan çıxarır. Kəndlilər “yol asfaltlanmasa, bu problem düzəlməyəcək” deyirlər. Kənddə yaşayış günü-gündən azalır. Kəndi tərk edib, şəhərə köçənlərin sayı isə çoxalır. Şəraitsizlik Leytini sakinsiz qoyur.

Azəriqaz İstehsalat Birliyindən Meydan TV-ə bildirilib ki, 2024-cü ildə Leyti kəndinin qazlaşdırılması nəzərdə tutulub.

Mənbə: Meydan TV
Tarix: 23-11-2023, 11:21
Xəbəri paylaş





Xəbər lenti