Kəndlilər tullantıların Lənkərançaya axıdılmasından narahatdır


“Çayin səviyyəsi yüksələn kimi tullantılar Lənkəranın Təngivan kəndinə axır”
Lənkərançayın ətrafı müxtəlif tullantılarla, xüsusilə də plastik qablarla çirkləndirilir. Yağışlı havalarda çay daşan kimi tullantılar ətraf kəndlərə qədər yayılır.
Bu barədə Meydan TV-yə Lerik və Lənkəran sakinləri tərəfindən edilən müraciətdə deyilir.
Sakinlərdən Elçin Babayev bildirib ki, tullantılar əsasən Lerikdə istirahət mərkəzləri tərəfindən atılır. Çayin səviyyəsi yüksələn kimi tullantılar Lənkəranın Təngivan kəndinə axır.
“Görüntülər Lənkəranın Təngivan kəndi ərazisində çay kənarında çəkilib. Çay çirkləndirilir. Bütün çay sahili boyu zibilliyə rast gəlmək olur. Bir hissəsi də təbii ki, Xəzər dənizinə tökülür. Dəniz sahilinə baş çəkməklə real mənzərəni görə bilərlər”,-Babayev deyib.
Lənkərançayın Təngivan kəndi ərazisindən keçən hissəsi
Sakinlər deyirlər ki, kənddə ayda bir dəfə qazlı, şirəli içki alan tapılmaz. Çay kənarında isə çoxlu sayda plastik qablar olur. Bu da tullantıların daşınmadığı, çay kənarına atıldığını söyləməyə əsas verir.
Lənkəran İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, tullantılar rayon mənzil kommunal təsərrüfat tərəfindən, kəndlərdə isə bələdiyyələr tərəfindən daşınır. Çay Lənkəran tərəfindən çirkləndirilmir.
Lerik Rayon İcra Hakimiyyətindən isə suala cavab verilməyib. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sualı cavablandırmayıblar. Nazirliyin “qaynar xətti”nə də müraciət edilib və araşdırılacağı deyilib.
Mənbə: Meydan TV
Tarix: 28-11-2023, 09:31
Xəbəri paylaş





Xəbər lenti