Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)
Yardımlı rayonunda ekologiya içilərinin meşələrin kütləvi şəkildə məhv etməsindən xəbər vermişdik. Həmçinin, baş verən ekoloji cinayəti gizlədilməsinə cəhdlər edildiyini də bildirmişdik.
Qeyd edək ki, noyabrın 18-dən başlayaraq 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında yüzlərlə ağac işlik material üçün kəsilib. Və işlik material üçün lazım olmayan hissələr odun kimi satılıb.
Ləzir kəndinin sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı apardığı yoxlamalar meşə təsərrüfatı mərkəzinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilib. Görüntülər yoxlama aparan ekologiya işçilərinin müdhiş saxtakarlığa əl atdığını göstərir. Belə ki, diametri 1.1 metr olan ağacı Rauf adlı ekologiya müfəttişi ölçü qoyulmamış 52 santimetr göstərir və bu barədə ölçünü götürən şəxsə piçıltı ilə bildirir. Görüntülərdə cinayət faktını əks etdirən səs aydın şəkildə eşidilir.
Meşə mafiyası niyə kəsilmiş ağaca 52 santimetrdən artıq ölçü qoymağa imkan vermir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmişdir ki, meşə ərazisində diametri 52 sm-dən yuxarı kəsilmiş ağacın hər sm üçün 33 manat əlavə cərimə hesablanmalıdır. Deməli, 52 sm-ə qədər 50 manat hesablanır, ondan yuxarı isə hər sm-ə 33 manat üzərinə gəlir.
Bu arada ekologiya müfəttişlərinin videogörüntülərdə ölçüsünü azaltmağa çalışdığı sözügedən ağacın cəriməsi 50 manat yox, 1954 manatdan çox olmalıdır. Üstəlik adı “Qırmızı Kitab” a salınmış ağac olduqda isə bunun cəriməsi 5 mislinə vurulur. Həmin ağac şabalıdyarpaq palıd ağacıdır. Bu isə adı Qırmızı Kitaba daxiı edilmiş ağac cinsidir. Meşə quldurları isə həmin ağacı şabalıdyarpaq palıd yox, şərq palıdı kimi qeydə alırlar. Halbuki şərq palıdının gövdəsinin diametrli 60 sm gəlib çatır, şabalıdyarpaq palıdın gövdəsinin diametri isə 100-150 sm.
Göründüyü kimi, meşə mafiyası təkcə adi ağacları yox, qanunla kəsilməsi qadağan olunan nadir agac cinslərini də məhv ediblər. Amma təbiəti qorumalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti baş verən ekoloji cinayət faktının miqyasını azaltmağa çalışır…
Mənbə: "Aztoday.Az" Təqdim etdi: Siam.az
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...