Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Soyulan
kəndində şəhid Şəmilov Azərin ailəsində olub, onların problemləri və qayğıları
ilə maraqlanıblar.Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların
döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı
ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin
qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə
igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda
aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin
başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla
yanaşmağı tapşırdığını bildirib.
49 yaşlı tibb xidməti baş leytenantı Azər Şəmilov Tərtər rayonunun Hacallı
kəndində anadan olub. O, 2020-ci ilin sentyabr ayında təlimlərə cəlb olunub
və müharibə başlayandan ön cəbhədə Tərtər rayonunun Suqovuşan, Talış
kəndləri istiqamətlərində xidmət edib, yüzlərlə yaralıya ilkin tibbi yardım
göstərib.
O, 14 oktyabr 2020-ci il tarixdə qucağında tibbi yardım göstərdiyi yaralı ilə
birgə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə
rayonunun Kələntərli kəndində dəfn olunub.
Ölümündən sonra Azər Şəmilov Azərbaycan Respublikası Prezidentinin
müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”,
“Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə
təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Tarix: 2-12-2023, 10:47