Göyçay və Ağdaşdan şikayət var: “Kəndlinin bazarı ölüb”
İqtisadçı əsas problemi monopoliyada görür İqtisadçı: daxili ticarətdə və sahibkarlıqda monopoliya ləğv edilməli, Azərbaycan güzəştli ticarət sazişlərinə maraqlı olmalıdır “On ildən çoxdur ki, bağımda 104 heyva ağacı əkmişəm. Ötən ildən həm məhsul az oldu, həm də satışı 20 qəpiyi keçmir. Bu il 80 ağacdan 2 ton məhsul yığmışam. Bir aydır ki, tökülüb qalıb, gəlib soruşan da yoxdur. Ötən il bezib 20 ağacı kəsdim, bu il də cəmi 44 cavan ağacı saxlayıb yerdə qalanları kəsirəm. İldə tək budamaq mənə qalır, nə məhsulunu görürəm, nə məhsuldan qazanc götürürəm”. Göyçayın Mırtı kənd sakini Gündüz İsayev Meydan TV-yə deyir ki, illər öncə əziyyətlə saldığı heyva bağında ağacları tək-tək kəsərək azaldır. Səbəb isə məhsuldarlıq və qiymətdən narazı olmasıdır. Ağacları kəsib yerində tərəvəz əkəcəyini deyir. Hansı ki ona da ümidli deyil. “Qiyməti niyə öldürürlər?” O, məhsulun xeyli hissəsinin çürüdüyünü deyir: “Salamat məhsulu 15-20 qəpiyə satacağamsa, ondansa tərəvəz əkərəm. Heç 400 manat etmir ki, dərmanının pulunu ödəsin. İki aydır gözləyirəm ki, 2 tonu heç olmasa, 80 qəpiyə və ya 1 manata satım. Qiyməti niyə öldürürlər? Onsuz da kəndlinin bazarı ölüb”. “Heç 20 qəpiyə istəmirlər” Son iki ildə Gündüz kimi yüzlərlə kəndli nə məhsulunu bazara çıxara, nə də çəkdiyi məsrəfə uyğun sata bilir. Onların sözlərinə görə, payızlıq meyvənin bazarı o qədər zəifdir ki, 5-6 il öncə kiloqramı 1-2 manata satılan heyva indi 20 qəpiyə belə daxili bazar alıcılarının marağında deyil. Ləkçıplaq kənd sakini Daşqın Əliyev də topladığı məhsulu sata bilmədiyindən gileylidir. Dediyinə görə, iki aydır ki, məhsuluna alıcı axtarır: “Ötən il 4 ton məhsuldan iki tonu məhv oldu, iki tonu kilosu 20 qəpiyə satdıq. Rusiya bazarına alınmır. Ancaq seçmə, əla sort olsa, nadir halda 70-80 qəpiyə satılır. Yanvardan sentyabra qədər qurd, qırmızı çil daxil müxtəlif xəstəliklərə qarşı dərmanlar, pestisidlər vurmuşuq. Bir dəfə çiləməsi 50-60 manatdır. Ancaq bu il məhsul çox keyfiyyətsiz olub. 100 ağaca min manatdan çox xərcimiz çıxıb. Heç 20 qəpiyə istəmirlər. Oktyabrın əvvəlindən yığmışıq noyabra qədər 4 ton məhsuldan 1 tonu çürüdü, 3 ton qalıb. Hələ 1 tonu da ağacdan tökülüb yerə məhv olub, yenə də çürüyür “, – deyə kəndli zəhmətinin boşa getdiyindən şikayətlənir. “Xurma daxili bazarda alınmır” Xurmanın xarici bazarda alıcılığı nisbətən yaxşı olsa da, daxili bazarda satış qiyməti ürəkaçan deyil. Məhsuldarlıq isə hava şəraitinə görə ötən ilə nisbətən azdır. Xurmanın istehsalı ilə tanınan Göyçayın Potu kəndində sahibkarlar daha çox məhsulu soyuducuda saxlayıb yanvar-fevral aylarında baha satışına nail olmağa çalışırlar: “Kəndimizdə 1500 hektardan çox sahədən tonlarla xurma istehsal olundu. Ötən ilə nisbətən hər ağacda 5-10 kiloqram az idi məhsul. Yağış, külək çiçəyi tökdü yerə. Qiymətlərdə isə 3-5 manat fərq var. Ən yaxşı sort olan “Şişburun”un kiloqramı 1 manata satıldı. Minumum qiymətlər 30-40 qəpiyədir. Ümumilikdə kiloqramında 40 qəpik fərq var. Rusiyada da yaxşı növ məhsul alınır. Xurma daxili bazarda alınmır. Yəni 20-30 qəpiyi keçmir”. “Logistika, gömrük rüsumu çox bahadır” Rayonun daxili bazarında qiyməti maksimum 30-35 qəpiyə olan heyva bol olduğundan alıcılıq qabiliyyəti aşağıdır. Bakı bazarlarında isə qiymət əlli qəpikdən üç manata qədər dəyişir. Ölkədə heyvanın ən çox istehsalı ilə tanınan Ağdaşda da vəziyyət eynidir. İllərdir ki, bu sahədə çalışan, artıq məhsulun brendini yaradan “Ləki heyvası”nın istehsalçısı Baqi Şıxməmmədov da daxili və xarici bazarın kəndli üçün əlverişli olmadığını bildirir. Məhsul brendləşərsə, istər xaricdə, istər daxildə özünə layiqli alıcı tapa bilər. 2 hektar sahəsindən 15 ton məhsul istehsal edən fermer 25%-nın tam keyfiyyətli məhsul olduğunu deyir. Rusiya bazarının hazırda heyva məhsulu üçün əlverişli olmadığını qeyd edir. İndiki əziyyəti isə Avropa bazarına çıxmaqdır ki, bunun da maddi çətinlikləri və maneəsi çoxdur: “2011-ci ildən “Ləki heyvası” adı ilə məhsulu brendləşdirdik. Artıq tanınır, daha çox ölkə daxilində xüsusi alıcılara Rusiya bazar qiymətinə satıram. Adətən, kəndlilərin təmiz məhsulunu 50 qəpik və ya 1.50 qəpiyə alıb 2-3 manat məbləğinə qədər satırıq. Marketlər, iri ticarət şirkətləri bizim 70-80 qəpiyə satdığımız məhsulu gəlib kənddən 30-35 qəpiyə ucuz alıb adını “kənddən şəhərə” adı ilə reklam edib baha satırlar. Heyvadan heyva kiseli, kompotu hazırlayıb satırıq brend adı ilə. Qurdlu heyva 20-30 qəpikdir, bu da baha satılan dərmanın keyfiyyətsiz olması, ya düzgün aqrotexniki qulluğun olmaması ilə bağlıdır”. “Marketlər, iri ticarət şəbəkələri iri şirkətlərin saldığı meyvə bağları ilə müqavilə bağlayıb onların geni modifikasiya olunmuş məhsulunun satışını edir. O da kəndlinin məhsuluna zərbədir. Rusiya bazarına bir dəfə göndərdik sərf etmədi. Odur ki, mən rubl düşür, Rusiya bazarı alıcılığı azaldır və Ukrayna bazarı yox deyə Avropa bazarına “Ləki heyvası”nı çıxarmaq istəyirəm. Ancaq onu realizə edəcək imkanlarımız və şəxslər yoxdur. Çünki logistika, gömrük rüsumu çox bahadır”, -deyə o bildirib. “Qazanan sahibkarlar, iri ticarət şirkətləri və alverçilərdir” Gənc aqronom Azad Mahmudlu deyir ki, iri sahibkar və fermerlər xarici bazar kimi Rusiyanı və daxili bazarı ələ keçirdiyindən kəndlilər iki ildir qazanc əldə edə bilmir. Onun sözlərinə görə, tonlarla məhsul vaxtında satılmadığından məhv olur, ya da uyğun bazar tapmadığından dəyərindən çox ucuz qiymətə satılır: “Bu il heyva məhsulu normal idi, sadəcə, keyfiyyətli məhsul azdır. Çünki iqlim dəyişikliyi və keyfiyyətsiz dərmanlar məhsulun sağlam yetişməsinə əngəl olur. Dərman alverçiləri də öz biznesi naminə kəndliyə faydasız dərmanı, kübrəni baha satır o da nəticəsini görmür. Aqronom çatışmır. Satışda isə alverçilər heyvanı kəndlidən kiloqramını 20 qəpiyə alıb 1-1.50 qəpiyə satır. İri ticarət şəbəkəsində isə 2-3 manata qədər yüksəlir. Xurmada isə məhsul hektarı 10-15 sentner az olsa da, kəndlidən bir taxta qablaşdırmanı 2-5 manata alıb baha qiymətə, hətta ən baha sortunu 15 manata satırlar. Ötən illə müqayisədə 40-50 qəpik fərq var. Ölkə sərhədlərinin bağlı olması, monopoliya, müxtəlif yollarla daşınma kəndli üçün əlçatmaz olduğu üçün daxili bazarın ümidinə qalır”. “Növbəti aylarda kəndli üçün daha vəziyyət çətinləşəcək. Payız məhsulu kimi narın qiyməti 50-60 qəpik Göyçayda, digər regionlardan isə 20-30 qəpiyə alınır. Paket əl növ narlar ancaq 10 manat satıla bilər. Yenə qazanan sahibkarlar, iri ticarət şirkətləri və alverçilərdir. Sahibkar alır qoyur soyuducuya baha vaxtında çıxarıb satır. Kəndliyə, əsas məhsul istehsalçısına bazar tapmaq lazımdır”, – aqronom belə deyir. “Bu proqram birbaşa alıcı və satıcı arasında vasitəçi olacaq” Gənc aqronom həmkarı ilə birlikdə Göyçay və Ağdaş rayonun payızlıq məhsullarının satışında yaranan problemlə bağlı yeni bir layihə hazırlayıb. Hazırlanan proqrama əsasən kəndli istər daxildə, istər xaricdə məhsulunun normal qiymətə alıcısını tapacaq. Onun fikrincə, dövlət dəstək göstərsə, monopoliya mane olmazsa, növbəti ilin fevralından layihə işə başlayacaq: “Kəndli iri şirkətlərə, ticarət mərkəzlərinə çox uduzur. Onlar isə çox qazanır. Biz iki gənc startap layihəsi hazırladıq ki, kəndli öz məhsuluna o proqram vasitəsilə uyğun bazar tapıb normal qiymətə birbaşa satış etsin. Birbaşa mağaza və iri şirkətlərlə özü əlaqə yaratsın, daha dəllalar, sahibkara mane olmasın. Belə olanda kiloqramı 2-3 manatdan özünə qala bilər. Ancaq xurma və heyva məhsulu üçün nəzərdə tutulub. Nar deyil, çünki tələbatlı və istehsalı çox deyil. İki regionun Ağdaş və Göyçayın kəndlilərinin məhsulu nəzərdə tutulub”. “Məhsul ölkə daxilində, xarici bazarlardan isə Rusiya da daxil, Türkiyə, Gürcüstan, Qazaxıstan və İran kimi ölkələr üçün nəzərdə tutulub. Bu proqram birbaşa alıcı və satıcı arasında vasitəçi olacaq. Kəndlilər razı olsa, qablaşdırma və yol xərci tutulacaq. O bazara, iqlimə də uyğun yerli tinglər, sortların da yetişdirilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcəyik, dəstəkləsələr, fevralın birindən başlayacağıq”, – deyə Azad Mahmudlu bildirib. “Statistika: ixrac və dəyər azalıb” Ötən il Azərbaycanda 13 min hektar xurma bağlarından 113 milyon 371 min dollar dəyərində 147 min 632 ton xurma ixrac edilib. 2021-ci illə müqayisədə xurma ixracı dəyər ifadəsində 10%, miqdar ifadəsində isə 15.2% azalıb. Bu ilin yanvar ayında ölkədə 10 milyon 813 min dollar dəyərində 14 min ton xurma ixrac olunub. Onun da 13 min tonu, yəni 92 %-i Rusiyanın payına düşür. “Güzəştli ticarət müqaviləsinin imzalanması çox vacibdir” Bu ilin yanvar ayında Azərbaycanda 8300 ton həcmində alma, armud və heyva ixrac olunub və ötən illə birlikdə ümumilikdə 5 milyon dollar dəyərində gəlir götürülüb. İqtisadçı Fərid Mehralızadə Meydan TV-yə deyir ki, istər xurma, istər heyva məhsulunun yalnız 10%-ı daxili bazarda satılır. Hər iki məhsul ölkəyə və istehsalçıya gəlir gətirə biləcək məhsul olsa da, xarici bazar kimi Rusiyadan asılılıq siyasi və iqtisadi risklər yaradır, gəliri azaldır. Onun fikrincə, ölkədə monopoliya ləğv olunmalı və Avropa İttifaqı bazarlarına yol açılmalıdır. Güzəştli ticarət müqaviləsi isə qaçılmazdır. Əks halda kəndlilər uzun illər əziyyət çəkməli olacaq: “Dövlət çeşidli bazar tapılmasında meyvə, tərəvəz istehsalçılarına yardımçı olmalıdır. İxracla bağlı vəziyyət ürəkaçan deyil. Çox böyük bazarlardan biri Avropa İttifaqıdır. Çünki Azərbaycanın Avropa ilə güzəştli ticarət haqqında sazişi yoxdur. Baxmayaraq ki, qonşu ölkələr Avropa İttifaqı ilə belə güzəştli ticarət imkanlarından yararlanır. Azərbaycan nadir ölkələrdəndir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb. Çünki maraqlı olmayıb. Səbəbi daxili ticarətdə, sahibkarlıqdakı monopoliyadır. Bu maraqlar ölkə iqtisadiyyatının liberallaşmasına ciddi maneədir. Güzəştli ticarət müqaviləsinin imzalanması çox vacibdir ki, kəndlilər, fermerlər məhsulunu normal qiymətə və uyğun bazarda satış etsin”. “Kənd təsərrüfatı məhsullarının emalı da zəif təşkil olunub. Daha çox meyvə tərəvəzin özü ixrac edilir, halbuki ölkədə sənaye inkişaf etsəydi, həmin meyvə tərəvəzlərdən digər qida məhsulları hazırlanıb ixracı da ölkəyə əlavə gəlir gətirə bilərdi”, – Fərid Mehralızadə belə deyir. Meydan TV