Amankəndlilər yolsuzluqdan, bələdiyyə isə onların vergi ödəməməsindən narazıdır


“Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”
Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər deyirlər ki, yollar təmirsiz olduğundan yayda toz-torpaqdan, payızda-qışda palçıqdan keçilməz olur.
Amankənd kəndi rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Kəndlilər əsasən əkin-biçinlə dolanır. Əkinçiliklə dolanışığını keçindirə bilməyənlər isə rayon mərkəzində, yaxın kəndlərdə işləyirlər.
Sakinlərdən Araz Məmmədov deyir ki, yolsuzluq səbəbindən gediş-gəlişləri çətinləşir.
“Yağış yağan kimi yollarda gölməçələr yaranır. Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”.
Sakinlərin sözlərinə görə, kənd yolları əsaslı təmir edilməlidir, xüsusilə məktəbə gedən yollara asfalt döşənməlidir. Bir-iki istiqamətdə yola daş döşənməsi, yaxud bir-iki kilometr yola asfalt tökülməsi ilə problem həllini tapmır.
“Bura böyük kənddir, əhalinin dolanışığı birbaşa yoldan asılıdır. Köhnə də olsa borc-xərclə avtomobil alırıq, sonra da qazandığımızın yarısını təmirə xərcləyirik”,-Məmmədov bildirib.
Sakinlər deyirlər ki, yol təmir olunarsa, kəndlilər məhsullarını rayon bazarına, qonşu kəndlərə çıxara bilərlər.
Şikayətçilər bildiriblər ki, əvvəllər heyvandarlıqdan qazanc götürə biliblər, son dövrlər yem bahalaşdığından heyvandarlıq o qədər də sərfəli deyil. Əkin-biçin də hava şəraitindən asılı olduğundan dolanışığa bəs etmir. Yollara görə də rayon mərkəzinə gedib-gəlmək həm vaxt itkisidir, həm də baha başa gəlir.
Amankənd kənd bələdiyyəsinin sədri Füzuli Məmməov Meydan TV-yə bildirib ki, seçki ili olduğundan kəndin problemləri, o cümlədən yollar təmir edilir. Artıq sakinlərin daimi istifadə etdikləri bir neçə yol təmir edilib, yolla bağlı əvvəlki kimi problemlər qalmayıb.
Bələdiyyə sədri deyib ki, kəndin 4600-ə yaxın sakini var. Bələdiyyənin büdcəsi vergilər hesabına formalaşır, amma kəndlilər vergi ödəmirlər. Sakinlərin vergi borcu 100 min manatı ötüb:
“Bələdiyyənin iş görməsi üçün vəsaiti olmalıdır, sakinlər əkin-biçinlə məşğul olurlar, amma cəmi 5 manat vergini ödəmirlər”.
F.Məmmədov deyib ki, buna baxmayaraq, digər yollar da təmir ediləcək.
Mənbə: Meydan TV
Tarix: 25-12-2023, 21:13
Xəbəri paylaş





Xəbər lenti