Lənkəranda valideynlər uşaqlarının qəzalı məktəbdə oxumasından narahatdır


“Bircə dəfə məktəbə baş çəkib, soyuq otaqlarda otursunlar, baxaq görək neçə dəqiqə dözə bilərlər”
“Hələ havalar elə sərtləşməyib, amma uşaqlar sinif otaqlarında soyuqdan donurlar. Yağan yağış sinif otaqlarına, dəhlizə dolur”.
Bunu Meydan TV-yə Lənkəran şəhər 9 saylı məktəbin valideynləri bildiriblər.
Məktəb binası qəzalı vəziyyətdədir, hər an uçma ehtimalının olduğu deyilir.
Valideynlərdən Təranə Əliyeva söyləyib ki, məktəbin damı sıradan çıxıb, pəncərələrin şüşələri qırılıb, divarlarda çatlar yaranıb. Hətta döşəmə də dağılıb, uşaqların ayağı çalaya düşür.
“Məktəbdə təhsilin səviyyəsindən, müəllimlərdən narazı deyilik. Amma uşaq soyuqdan yazı yaza, oxuya bilmirsə, hansı təhsildən danışmaq olar? Bina sökülüb yerində yenisi tikilməlidir”,-narazı valideyn deyib.
Valideynlər bildiriblər ki, övladlarının qəzalı məktəbdə oxumasını arzulamırlar, amma yol və vaxt itkisi səbəbindən məktəbi dəyişə də bilmirlər.
Valideynlərdən biri danışıb ki, dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət ediblər, bir neçə ildir ara-sıra ölkə mətbuatına da şikayətlənirlər. Hər şikayətdən sonra məktəbin təmirinin siyahıya salındığını, il ərzində həyata keçiriləcəyini eşidirlər. İllər bir-birini əvəz edir, amma məktəb təmir olunmur:
“Bircə dəfə məktəbə baş çəkib, soyuq otaqlarda otursunlar, baxaq görək neçə dəqiqə dözə bilərlər. Biz uşaqlarımızı təhsil üçün məktəbə göndəririk, amma həyatları üçün nigaranıq. Pəncərələr sellofan torbalarla örtülüb, döşəmənin taxtası çürüyüb. Bu vəziyyəti uşaqlara necə rəva bilirlər?”.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildiriblər ki, məktəbin təmiri nəzərdə tutulub.
Lakin konkret vaxt açıqlanmayıb. İdarənin əməkdaşı bir az sonra müraciət etməyi tövsiyə etsə də, sonradan telefonlara cavab verilməyib. Lənkəran Rayon İcra Hakimiyyətindən isə məktəbin təmiri üçün aidiyyatı qurumlara müraciət edildiyini deyiblər.
Tarix: 25-12-2023, 21:14
Xəbəri paylaş





Xəbər lenti