Qaraşovların “fövqəladə qabiliyyət” tələb edən FƏALİYYƏTİ: Onlara nə zaman “dur” deyiləcək?


Azərbaycanda yüksək vəzifə tutan məmurların bir çoxunun övladları ilə bağlı mediada zaman-zaman yayımlanan materialların əksəriyyətinin tənqidi xarakterli olması artıq heç kimi təəccübləndirmir. Əksinə, nəzərdə tutulan məmur övladları barəsində ictimiləşən bu və başqa bir məlumatda cəmiyyəti qıcıqlandıracaq elementlərin olmaması möcüzə kimi qarşılanır.
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov da öz fəaliyyətindən daha çox övladları – Seymur və Vüsal Qaraşovların sayəsində mənfi planda diqqət mərkəzinə düşən yüksək məmurlar sırasında yer tutur. Görünən budur ki, Prezident İlham Əliyevin məmurlar və onların övladlarının xalqı hiddətləndirən, ciddi narazılıq doğuran yolverilməz davranışlara son qoymalarına dair tələbi Qaraşovlar üçün hələ də aktuallaşmayıb.
Belə olmasaydı, Lənkəran rayon icra başçısının övladlarının adı hələ də medianın tənqidi materiallarının “əsas qəhrəmanları” qismində hallanmaz, onların, xüsusilə də Seymur Qaraşovun vəzifə səlahiyyətlərindən, o cümlədən, atasının yüksək məqam sahibi olmasından sui-istifadə etdiyinə dair iddialar ayaq açıb yeriməzdi. Ümumiyyətlə, başa çatmaqda olan 2023-cü ilin Seymur Qaraşov üçün vəzifə dəyişiklikləri ilə “əlamətdar” olduğu da özəlliklə qeyd edilməlidir.
Çünki Fövqəladə Hallar Nazirliyində (FHN) mühüm karyera irəliləyişinə nail olan – burada kənar amillərin təsirinə toxunmağa ehtiyac görmürük – Seymur Qaraşov son aylarda bir neçə vəzifədə sınanıb. Öncə FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini postuna gətirilən Qaraşov daha sonra nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinı irəli çəkilib. Ancaq bu qurumun da ikiyə bölünməsindən sonra sadəcə, FHN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində qala bilib.
Maraqlıdır ki, qeyd olunan vəzifələrdə çalışdığı müddətdə Seymur Qaraşovun kiçik gəmilərə malik olan fiziki şəxslərin fəaliyyətinə süni əngəllər törətməsi onun haqqında yayılan ən yayğın iddialar siyahısındadır. Gəmilərin texniki baxışdan keçirilməsi, onlara texniki pasportların və idarəetmə vəsiqələrinin verilməsini birbaşa nəzarətə götürən Qaraşovun bu məsələlərin həllini özünün şəxsi maraqları prizmasından “həll etdiyi” iddia olunur. Eyni zamanda, Seymur Qaraşovla əlaqədar iddiaların başqa ciddi “halqa”sı isə onun nazirlikdə elan olunan müxtəlif tenderləri yaxın çevrəsinə daxil olan insanların udmalarını təmin etməsidir.
Eyni zamanda, Taleh Qaraşovun FHN sistemində çalışan digər oğlu, bu ilin aprelinə qədər sözügedən nazirliyin Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışan Samir Qaraşovun da fəaliyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərini aşmasına dair çoxsaylı iddialar irəli sürülür. Onun haqqında ictimailəşən iddiaların əsas hissəsi Samir Qaraşovun vəzifədə olarkən istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin istismara qəbulu üçün müvafiq aktların verilməsində “mühüm rol oynaması” ilə bağlıdır. Yeri gəlmişkən, onun hazırda Qaraşovlar ailəsinə məxsus inşaat biznesinin idarəetməsi ilə məşğul olduğu deyilir.
Hər halda, özünü “seçilmişlər” sırasında gördüyün təsəvvürü yaranan Qaraşovların bu əməllərinin daha nə qədər davam edəcəyi hələ ki ,qeyri-müəyyəndir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
www.yenicag.az
Tarix: 27-12-2023, 17:56
Xəbəri paylaş





Xəbər lenti