Rayon rəhbəri 19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Cavid Səfərovun ailə üzvləri ilə birlikdə onun adı verilən küçədə olub


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Tərtər Rayon İcra
Hakimiyyətinin başçısı Müstəqim Məmmədov antiterror əməliyyatlarında şəhid olan
Səfərov Cavid Rövşən oğlunun ailə üzvləri ilə birlikdə şəhidin adı verilən küçədə
olublar. Rayon rəhbəri şəhidin ailə üzvləri ilə birlikdə küçənin girişinə ad göstəricisi olan
lövhəni bərkidiblər.
Rayon rəhbəri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban
vermiş şəhidlərimizin hamısı bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına
küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 38 küçəyə şəhid
adı verilib və onlardan 16 küçənin girişində onların baralyefi quraşdırılıb. Şəhidlərin
adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində antiterror
əməliyyatları şəhidlərinin adının əbədiləşdirilməsi məqsədi ilə Tərtər şəhərində küçələrə
adlarının verilməsi ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz
təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda
canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını
vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan
xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor
baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt
unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə
diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın
ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli
kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə
Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı
şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif
edilib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 30-12-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti