Vasif Talıbovun hənirtsi buralardan çəkilməyib... - MALƏSƏF...
"Naxçıvanın ibtidai sinif müəllimləri ilə danışıram. Qan ağlayırlar. Repetitorluq xidmətini faktiki olaraq yasaqlamaq onsuz da az maaşla imtahana çəkilən müəllimləri dilənci vəziyyətinə salmaq deməkdir. Bir dövlət öz müəllimini bu hala salmaz".Siam.az xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib. Qeyd edək ki, son günlər MR-nın təhsil sistemindəki neqativlərə xüsusi diqqət çəkən Heydər Oğuz əslində bu məsələdən sorumlu olanların əsassız ittiham hədəfinə də çevrilib. Yəni "oğru elə bağırdı..." məsəli kimi... Lakin yalanın ömrü vəziyyət elə bir həddədir ki, heç 40 gün də çəkmir.
Məhz bu məqama söykənən H.Oğuz daha sonra bildirir: "Ən azı ona görə ki, bütün dövlətlər vətəndaş yetişdirən müəllimlərin əməyi üzərində bərqərar olur. Dövlət ya bu dəyərli peşə sahiblərinə yüksək şərait yaratmalı, ya da onların öz başına çarə qılmasına göz yummalıdır. Əks halda, müəllimlərin son nəfəsliyini də bağlamaq cəmiyyətimizi daha da savadsızlaşmağa və nəticədə elmi-texniki tərəqqi yarışında başqalarının köləsi olmağa doğru aparır. Tarix sübut edir ki, elmi inkişafdan, keyfiyyətli tədris prosesindən geri qalan millətlər zamanla özünü yetişdirmiş toplumların köləsinə çevrilirlər. Bu mənada təhsilin keyfiyyətini yüksəltmək ən ümdə milli təhlükəsizlik məsələsidir".
"Müəllimlərin şikayətlərinə inansaq, Naxçıvan MR Təhsil Nazirliyi müəllimlərin şəxsiyyət azadlığını məhdudlaşdırıcı tədbirlərindən geri çəkilsə də, repetitorluq məsələsində hələ də iki ayağını bir başmağa dirəmək əzmindədir" deyən H.Oğuz əlavə edib: "Halbuki, şəxsiyyət azadlığı olmayan müəllimlər yaxşı vətəndaş yetişdirə bilmədiyi kimi, xüsusi təhsil sisteminə qapıları bağlamaq da eyni nəticəni doğurur. Bu baxımdan repetitorluğun dolayısıyla qadağan olunması da Şimali Koreya əsgərləri kimi uniforma geyindirilmiş müəllim imicindən az əhəmiyyətli deyil..."
dia-az.info
Tarix: 12-01-2024, 10:59