"Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...
Qusar rayonunda “Qusar meşəbəyliyi” deyilən ərazidəki ağacların kütləvi şəkildə qırıldığı bildirilir.
Bu barədə “Ecofront” təşkilatı məlumat yayıb. Təşkilatın rəhbəri Cavid Qara bildirib ki, ərazi sotu üç min manatdan əhaliyə satılır.
“Meşəni dağıtmağa çalışırlar. 22 hektar ərazidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazini sotu 3 min manatdan ev tikmək üçün satıb”,- C.Qara qeyd edib.
Təşkilat meşə ərazisinin məhv edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Ecofront” Qusarda meşəlik ərazisinin məhv edilməsi ilə bağlı daha əvvəl də məlumatlar paylaşıb.
Qusar sakini Elnur Orucov Meydan TV-yə meşə ərazisinin satıldığını təsdiqləyib. Lakin sakin ağacların yerində ev tikintisinə haqq qazandırıb:
“Qusarda bir qarış torpaq qalmayıb. Kənardan gələnlər evlər, istirahət mərkəzləri tikiblər. Biz qusarlı gənclər harda ev tikək? Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar ”,-Orucov deyib.
Qusar Rayon Bələdiyyəsindən həmin ərazidə torpağın təyinatının dəyişdiyini deyiblər. Bildiriblər ki, müharibə iştirakçısı, şəhid ailəsi, qazi ailələri ev tikmələri üçün torpaq sahələrinin ayrılması üçün müraciət ediblər. Aidiyyatı təşkilatların rəyi ilə həmin ərazinin təyinatının dəyişdirilməsi ilə bağlı sərəncam verilib.
Qusar Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildiriblər ki, ərazidə müharibə iştirakçılarına, şəhid və qazi ailələrinə yer ayrılıb. Amma ağaclar kəsilməyib. İcra hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı ağac kəsintisi ilə bağlı yayılmış görüntülərin köhnə olduğunu iddia edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirib ki, son günlər mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlar dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac kəsilməsi faktları aşkar edilməyib:
“Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib, siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb”.
DİN Mətbuat Xidmətindən isə deyiblər ki, qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.