KÜRDƏMİRDƏ “YAŞIL SOYQIRIM” – Bələdiyyə üzvü tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib / FOTO

KÜRDƏMİRDƏ “YAŞIL SOYQIRIM” –
Kürdəmir rayonu, Şüşün kənd sakini Mikayılov Çingiz Mikayıl oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfova, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Hörmətli Muxtar müəllim!

Kürdəmir rayonu, Şüşün kəndi ərazisində - Kür çayı sahilində meşə zolağında qanunsuz ağac kəsintisi faktı mövcuddur. Kürdəmir rayonu, Şüşün kənd sakini, Köhünlü bələdiyyəsinin üzvü Abbasov Nohəl Soltan oğlu 40.136095, 48.026447 koordinatlarında yerləşən meşə zolağında meşəqırma icazəsi olmadan meşənin “soyqırımı”nı aparıb. O, tuqay meşələrində yaşlı qovaq ağaclarını kəsdirib.

8 saylı RETSİ idarəsinin rəis Akif Məmmədov və Kürdəmir rayonunda ekologiyaya məsul olan Eldəniz adında şəxs ağaclarının qırılma faktına göz yumur. Bütün bunları nəzərə alaraq, aşağıdakıları xahiş edirəm:

Şəxsən Akif Məmmədovun iştirakı ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə baxış keçirərək, akt tərtib etsinlər.

Tərtib edilmiş akt Cinayət Məcəlləsinin 259-cu maddəsi (qanunsuz ağac kəsmə) ilə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilsin.

Akt tərtib edilərkən Nohəl Abbasovun bələdiyyə üzvü və müavin olması faktı nəzərə alınsın.

Tərtib edilmiş aktı müraciət müəllifinə təqdim etsinlər.

Muxtar müəllim, inanıram ki, 8 saylı RETSİ rəisi Akif Məmmədova qanunların tələblərinə əməl edilməsi üçün göstəriş verəcəksiniz.

Cənab nazir!

Diqqətinizə onu da çatdırım ki, Nohəl Abbasov həmçinin Kürdəmir Suvarma Sitemləri idarəsinin məsul əməkdaşı olub. Onun Kürdəmir rayonunda ekologiyaya nəzarət edən Eldəniz adlı şəxslə yaxın münasibətləri var. Hansı ki, Nohəl Abbasov uzun illərdir saxta diplomla dövlətə küllü miqdarda ziyan vurmuş şəxsdir. Onun diplomunun saxta olması faktı təsdiqini tapıb. Şəxs qulluq mövqeyindən sui-istifadə edərək, meşə təsəruffatına da ciddi ziyan vurub.

İnanıram ki, dövlətimizi və təbiətimizə ziyan vurmuş şəxsin müdafiəçiləri qanunun şah olduğunu dərk edə biləcəklər.

Əvvəlcədən təşəkkür edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.








Tarix: 1-08-2024, 14:03
Xəbəri paylaş





Xəbər lenti