Tribunainfo.az-a göndərilən müraciətdə şəhid anası H.Mustafayeva bildirib ki, hərbi xidmət zamanı yaralanmış və əlil olmuş oğlu işsizdir və himayəsində 8 nəfər var. Onlar iş və sahibkarlıq üçün dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Rəcəb Babaşova müraciət etsələr də heç bir köməklik göstərilməyib. Şəhid anasının müraciətini olduğu kimi təqdim edirik: “Qazax rayon, Fərəhli kəndində anadan olmuşam və Vətənim Azərbaycana 5 oğul böyütmüşəm. Oğlanlarımın ikisi Qoşqar və Mahmud Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olublar, bir oğlum mərhum Qurbanov Qoşqar Məqsəd oğlu 2014-cü ildə n saylı hərbi hissədə döyüş tapşırığını icra edərkən qəhrəmancasına şəhid olub. İkinci oğlum Qurbanov Mahmud Məqsəd oğlu 2002-ci ildən 2004-cü ilədək “N” saylı hərbi hissədə, 2010-cu ildən 2017-ci ilədək “N” saylı hərbi hissədə xidmət edib və 2017-ci ildə ağır xəstəliklə əlaqədar Silahlı Qüvvələrdən təxris olunub. Oğlum Qurbanov Mahmud Məqsəd oğlu xəstədir, hərbi xidmət zamanı demək olar ki, yarımcan olub. Belə ki, oğlum 2011-ci ildə travma almağı haqqında arayışı 2017-ci ildə təxris olan zaman (cərrahi əməlliyat olduğu) ağır xəstə olduğu üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidməti vəzifələri yerinə yetirməklə əlaqədar xəstəlik qərarı verilib. Hazırda oğlum Mahmud 2-ci qrup hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar əlildir. Oğlum öz müalicəsinin və 8 nəfər ailə üzvlərinin yaşayış tərzinin normallaşması barədə kiçik sahibkarlıqla məşğul olmaq üçün 1 sot torpaq sahəsi ayrılması barədə Qazax rayon İcra Hakimiyyətinə dəfələrlə yazılı və şifahi müraciət etdi, Lakin müraciətinə baxan olmadığı üçün Bakı şəhərində yerləşən Prezident Admistrasiyasında Zöhrab müəllimlə görüşdü. Zöhrab müəllim oğluma bildirdi ki, get rayona, Qazax rayon icra hakimiyyətinin başçısına göstəriş verəcəyik, sənə sahibkarlıq üçün 75 kv torpaq sahəsi ayıracaq. Qayıtdıqdan sonra oğlum icra başçısının 5 dəfə qəbulunda oldu ki, həm işlə, həm də torpaqla təmin edilsin. 3 ay müraciətimizə cavab verilmədi, bu boyda Qazax rayonunda hər pulu olana hər şey tapıldı, lakin oğluma 75 kv torpaq ayrılması üçün yer tapılmadı. Sonradan 6-cı dəfə oğlum icra başçısının qəbuluna getmək istədi, bu zaman müavin Məmməd müəllim ona bildirdi ki, obyekt tikmək üçün torpaq sahəsi yoxdur. Oğluma böyük xəstəxananın yanında “Dədə Qorqud” parkında 35 kv yer verdi ki, fundament qaz və 40 sm daşla hörgü işləri apar və üstündə plastiklə şüşəli et. Oğlum da razı olub işə başladı, fundament qazıb beton tökdü, min manata yaxın borc edib işə başladı, lakin axşam icra hakimiyyətinin göstərişinə əsasən həmin ərzidə tikinti işlərini dayandıraraq tökülən materialı maşına yığıb harasa apardılar. Bildirdilər ki, tikintiyə qadağa qoyulub. Əlilliyi olan oğlum Mahmudun himayəsində ümumilikdə 8 nəfər (mən yaşlı anası, öz ailəsi 4 nəfər, şəhid oğlumun ailəsi 3 nəfər) var. 01.05.2023-cü il tarixdə utanmadan biabır olacaqlarını bilərək mənə məktub yazırlar ki, guya həmin yeri mən zəbt etmişəm. Halbuki həmin yerdə yaşıllığı təmizləməyi, tikinti aparmağı mənə icra hakimiyyəti icazə verib. Ar olsun sizi kimi nankor məmurlara. Xahiş edirəm ki, oğluma Qazax rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəl ayrılmış “Dədə Qorqud” parkında 35 kv yerdə yüngül konstruksiya işləri (plastik və şüşə olmaqla) aparılmasına icazə verəsiniz”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.