Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Bərdə rayonunun Hacılı kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Elvin Abbasovun atası Şamil Abbasovu ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib. Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur. Qeyd edək ki, Elvin Abbasov 1992-ci il may ayının 6-da Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.