Ekspert Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür - TƏHLİL


Ekspert Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ölkənin baş naziri seçilib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub. Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Erməni bildirir ki, mitinqin keçirildiyi Fransa meydanına minlərlə aksiyaçı toplaşıb. N.Paşinyan tərəfdarlarını gecə İrəvanın Azadlıq meydanına toplaşmağa çağırıb. O, bildirib ki, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: “Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq ”məxməri inqilab"ının başladığını elan edirəm. Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın". Bütün bunlar Ermənistan parlamentinin sabiq prezident Serj Sərkisyanın baş nazir seçilməsinə həsr olunmuş xüsusi iclasının keçirildiyi saatlarda baş verib.

Ermənistan paytaxtının küçələrinə zirehli texnikanın çıxarılmasına, polisin dəfələrlə aksiyaçılara qarşı zorakılıq tətbiq etməsinə baxmayaraq, müxalifət geri çəkilmək niyyətində deyil. Paşinyan da deyib ki, tərəfdarları aksiyaları dayandırmağa hazırlaşmır. Hətta o, polisin yazılı xəbərdarlığını tərəfdarları qarşısında nümayişkaranə şəkildə cırıb atıb. Onun tərəfdarları Ermənistan Milli Məclisinin deputatlarının evlərini mühasirəyə alaraq deputatların evdən çıxmasını əngəlləməyə, beləliklə də, səsverməni pozmağa çalışacaqlarını deyiblər. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistanda başlanan etirazlar xaricdən idarə olunur.

“Düşünürəm ki, Rusiya ilə ABŞ arasında çoxdan bəri davam edən Ermənistan uğrunda mübarizə başlayıb. Amma Rusiya Ermənistandan Rusiyaya yaxınlaşmağa imkan verməz. Çünki Ermənistana cənub qapısıdır və ən strateji nöqtələrindən biridir. Çox təəssüf edirəm ki, bizim bu proseslərə təsir etmək imkanımız yoxdur. Əslində burada yaranan situasiya bir sıra problemləri öz xeyrimizə dəyişdirmək üçün bizə imkan verərdi”.

Bu fikirləri Ermənistan daxilindəki prosesləri ciddi şəkildə izləyən ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a söylədi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür: “Birinci güc hakimiyyətdən narazı olan qüvvələrin radikal hissəsidir ki, qətl, həbs və işdən çıxarılma təhlükəsi qarşısında belə hakimiyyətlə üz-üzə gəlməkdən qorxmur. İkinci güc isə Ermənistanın indiki hakimiyyətindən narazı olan erməni lobbisinin bir hissəsidir. Həmin erməni lobbisi nə qədər türk düşməni olsa da, Ermənistanın uçuruma doğru sürətlə irəlilədiyini görür və buna qarşı yerli müxalifətin bir hissəsinə dəstəyini artırır. Ermənistandakı hadisələrdə üçüncü qüvvənin olduğu da mümkündür. Bu da xarici ölkələrdə hazırlanan ssenarilərdir”. E.Şahinoğlu hesab edir ki, Ermənistanda Rusiya ilə Qərbin maraqları kəsişir: “Rusiya Ermənistanı quberniyası kimi idarə etmək istəyir və Serj Sərkisyan buna mane olmur, ola da bilməz. Rusiyadan üz çevirməyə onun gücü çatmaz, istəyi də yoxdur. Demək, Qərbdəki müəyyən mərkəzlərin Serj Sərkisyanın zəifləməsində marağı ola bilər. Həmin mərkəzlərin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən qoparmaqdır.

Bunun üçün isə Serj Sərkisyanın hakimiyyətini zəiflətmək lazımdır. Çünki nə edilsə, indi ediləcək. Serj Sərkisyan baş nazir seçiləndən sonra onu devirmək çətin olacaq. Müxalifət elektoratı hərəkətə gətirən Paşinyan da bunu anlayır, ona görə həm xalqdan, həm də Qərbdən dəstək gözləyir”. Ekspertin sözlərinə görə, N.Paşinyan əlindən gələni edəcək ki, Serj Sərkisyan baş nazir seçilməsin: “Ancaq bu alınmasa Paşinyanı həbs təhlükəsi gözləyir. Paşinyan riskə gedib”. Ermənistan S.Sərkisyanın hakimiyyətinin son illərində Qərbə müəyyən reveranslar etdi, Avropa İttifaqı ilə saziş imzaladı, NATO-nun hərbi təlimlərinə qatıldı, həmçinin Sərkisyan Putini satdı, üstəlik, İrəvanda Rusiyaya qarşı aksiyalar oldu. Ola bilərmi S.Sərkisyan bunların cəzasını çəkir? E.Şahinoğlu: “Məncə, Sərkisyan Putini satmayıb, Moskvanın razılığı olmadan addım ata bilməz”.

“İrəvanda baş verənlər siyasi böhrandır. Bu, Ermənistan ”Maydanı"na cəhddir və bu proseslərin arxasında ABŞ dayanır".

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hadisələr ABŞ tərəfindən maliyyələşdirilən 2 min fəal və sosial şəbəkələrdəki 2,5 min istifadəçi tərəfindən həyata keçirilir: “Proseslərin arxasında ABŞ-la yanaşı, qismən Avropa İttifaqı da var. Bu rəqəmlər kiçik Ermənistan üçün böyük rəqəmdir”. Putinin nümayəndəsi qeyd edib ki, Sərkisyan Yanukoviç qədər məşhur olmasa da, ondan daha sərt addımlar atacaq. “Sərkisyanın cavabı sərt olacaq. Ermənistanda etiraz edənlərin əsas ideologiyası demokratiya ilə yanaşı, Rusiyaya qarşı mübarizədir. Onlar həmçinin hakimiyyəti tutmuş ”Qarabağ klanı"na qarşı mübarizə aparırlar. Lakin proseslər kənardan idarə olunur", - deyə o iddia edib.
“Yeni Müsavat”
 
Tarix: 18-04-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti