Məsələ medalda deyil, diqqətdə olmaqdır


Orta məktəbin yuxarı siniflərində oxuyanda mənə bir qramota (fəxri fərman) vermişdilər, çox sevinmişdim. Adı nəyə desən, dəyərdi, möhtəşəm səslənirdi: “Poçetnaya qramota”.

Bu mükafatı mənə ictimai işlərdə fəallıq göstərdiyimə görə vermişdilər, mən də gətirib servantın ən gözəgəlimli yerinə qoymuşdum. Sonradan bir-ikisini də verdilər, onları da gətirdim, birinci fəxri fərmanla yanaşı qoyanda hiss elədim ki, adi karton kağızıdır. Bundan adamda lap bir çuval olsun, nəyə yarayır ki...

Ona qalsa, qurultay nümayəndəsi, rayon sovetinin deputatı olan atamın bir yeşik orden-medalı vardı, sonradan qaçaqaçda it-bata düşdü. Heç demə, o medallardan yalnız birinin maddi dəyəri varmış - 15-20 qram xalis qızıldan ibarətmiş. Bunu mənə sonradan qəzetlərdə “orden-medal alıram” elan verən bir nəfər dedi. O adam bürüncdən və başqa metallardan olan medallara yaxın durmurdu, çalışırdı ki, “Lenin” ordeni, “Qızıl ulduz” medalı tapsın, ucuz qiymətə alsın.

Deyilənə görə, “Lenin” ordeni bir unsiya (33 qram civarında) qızıldan ibarətdir, o vaxtlar 300 dollar qiyməti vardı, alverçilər isə orden yiyələrini tovlayıb 50 dollara-filana almaq istəyirdilər.

Heç bir maddi, mənəvi, siyasi dəyəri olmayan medallar isə N qədər idi. Kəndimizin müharibə və əmək veteranlarına ildə bir xaral medal verirdilər. Sinəsinə taxıb gəzənlər də vardı, gətirib yeşiyə atanlar da. Bəziləri açıq-açığına deyirdilər: “Bu sovet hökuməti də dəmir-dümürlə başımızı aldadır. Bundansa 100 manat pul versin, bir toğlu alaq, kəsib yeyək”.

Bununla belə, onların hamısı sayılıb-seçilmələrinə, medalla təltif olunmalarına görə məmnun idi. Əlbəttə, o medalın üstündə onların hərəsinə bir toğlu pulu versəydilər, daha məmnun olardılar, amma sovet hökumətində dəmir çox idi, tükənən şey deyildi, xırda-buynuzlu heyvanların baş sayı isə tükənə bilərdi. Ona görə də hökumət gücü metala, medala verirdi.

Yox, elə çıxmasın ki, insanlara orden-medal, döş nişanı vermək ənənəsi yalnız SSRİ-də olub. Elə deyil. Fərqlənənlərin, seçilənlərin orden-medalla təltif olunması ənənəsi ABŞ-da da var, İngiltərədə də, Fransada da, Çində də.

Hətta Çində daha geniş yayılıb. Tez-tez internetdə Çin generallarının orden-medallı şəkilləri paylaşılır. Adamın birinin kitelinin yaxası xirtədiyndən toqqa çəkilən yerinə qədər başdan-başa orden-medaldır. Barmaq basmağa yer yoxdur. Zirehli jilet kimi bütün sinəsini tutur. Güllə atsan, generala sədəmə toxunmaz. O qalınlıqda dəmiri hansı güllə deşər?

Yazıq general ağırlığı ən azı 10 kilo olan orden-medallı kitelini geyinib parada gedəndə nə zülüm çəkir, bir özü bilir.

Bu baxımdan çox medal həvəskarı olmaq da bir şey deyil, bir-iki dənə bəsdir.

Bu günlərdə bir xeyli həmvətənimiz “Cümhuriyyət” medalı ilə təltif olunub, içində bu mükafata layiq olanlar da var, layiq olmayanlar da. Məncə, layiq olanlar daha çoxdur, layiq olmayanlar isə onsuz da çox şeylərə nail olanlardır, medal hayında deyillər. Onlar sadəcə onlara göstərilən diqqətdən, qayğıdan məmnundurlar. Medalın elə bir maddi dəyərinin olmadığını yaxşı bilirlər. Hətta aralarında eləsi var ki, o medalın qızıldan düzəldilmiş variantının seriya istehsalını təşkil edə bilər.

Bir də təltif gözləyən, amma təltif edilməyənlər var və onlar bundan bir balaca pəjmürdədirlər. Heç onlar da 10-15 qramlıq metalı olan medala görə dava etmirlər, sarayın diqqətində olmamağın, saya salınmamağın əndişəsini çəkirlər. Bu, heç də xırda motiv deyil.

Bu gün sənə medal vermirlərsə, demək, 2020-ci ildə mandat da verməyəcəklər, umduğun vəzifəni də görməyəcəksən.

Əlbəttə, bu gün medalla təltif olunmaq o anlama gəlmir ki, gələn il mütləq deputat seçiləcəksən. Bildiyimiz kimi, bu məsələni əlahəzrət seçici həll edir. Şübhəsiz ki, bu gün medal alanların içində gələn il mandat alanlar da olacaq. Ancaq böyük əksəriyyətin görüb-görəcəyi elə bu medaldır. Çünki medalın sayı məhdud deyil, mandatın sayı isə 125-dir, hamıya çatmır.

Ona görə də təltif sarıdan umsuq olanlar gərək bunu ürəklərinə salmasınlar. Medal yoxdur, eyb eləməz, əsas toğlu puludur, o varsa, gözəgörünməzə şükür edin.

 

Samir SARI
Tarix: 13-07-2019, 08:45
Xəbəri paylaş





Xəbər lenti