Sumqayıt şefi, qardaşı və Eldar Həsənov haqda şok dosye
Azərbaycanın sərvətlərini talayan məmurlar oğurladıqları milyonları artıq ölkə daxilində deyil, xaricində biznesə investisiya kimi qoymağa başlayıblar.

Bu mafioz qruplardan biri də Fərəcovlardır ki, Azərbaycanın az qala yarısını şəxsi əmlaka keçirməkdədirlər.

Ölkənin bir sıra icra hakimiyyətləri onlara biət edir, kommersiya şirkətlərinin həddi-hüdudu yoxdur, iqtisadi hakimiyyətləri getdikcə möhkəmlənir.
Nəyin hesabına? - təbii ki, dövlətdən mənimsənilən maliyyənin biznesi qoyulması və inkişaf etdirilməsi...

Budur, daha bir şəhid övladı, məcburi köçkün, ad-soyadı heç nə deməyən adi vətəndaş yox, yenə məmur, yenə məmur qohumunun adı xaricdəki əmlakları ilə hallanır.

Nə sirri-xudadırsa, bu məmləkətdə bir pirvəlinin, bir şəhid oğlunun, bir qaçqının xaricdə biznesi olmur, amma kim vəzifə tutur, Avropada, qonşu ölkələrdə restoranları, otelləri üzə çıxır.

Cahan.info xəbər verir ki, bu dəfə Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov haqda inanılmaz faktlar yayılıb.

Sabiq deputatı Türkiyədə elə yandırıb-yaxıblar ki, tüstüsü ərşə qalxıb, qoxusu Ərdoğana çatıb.

Bu barədə jurnalist Cavanşir Həsənlinin yaydığı məqalədə deyilir ki, Sumqayıt “kralı” Z.Fərəcovun qardaşı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Məlum olur ki, icra başçısının qardaşı 2012-ci ildə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb.

Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb.
Restoranın qarşısında NORF RESTAURANT & BAR (mənası Nazim oğlu Ruslan Fərəcov) yazılı iri reklam lövhəsi asdırıb.

10-12 nəfər personal işə götürüb. Restoran fəaliyyətə başlayıb. Amma restoranın əsl sahibi ortaya çıxıb.

Çək-çevirdən, məhkəmə başvurularından sonra sonra o zaman hələ deputat mandatı daşıyan Nazim Fərəcova aydın olur ki, əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili bunlara saxta sənədlərlə satıb.

Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb.

Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.

Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar Fətullah örgütü (təşkilatı) ilə bağlıdırlar və bu səbəbdən özləri Avropaya qaçıblar.

Məktub 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir.

Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur.

Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı var. Amma bu da son deyil.

Cahan.info-nun verdiyi məlumata görə, keçmiş baş prokuror Eldar Həsənovla Sumqayıtın icra başçısı Zakir Fərəcov ildə 3 milyon litr araq istehsal edir.

Xəbəri yayan C.Həsənlinin sözlərindən məlum olur ki, biznes Ukraynada deyil. Deməli, Şərqi Avropada yaxud Çexiyadadır.

Hər halda bu haqda müfəssəl məlumatlar olmasa da, keçmiş baş prokurorla Sumqayıtın icra başçısının araq biznesinə girişdiyi iddia olunur.

Bu maliyyə haradandır. Niyə bir şəhərin rəhbəri oliqarxa çevrilməlidir. Onun vəzifəsi xalqa xidmətdir və dövlətdən aldığı maaşla heç ildə bir dəfə Türkiyədə normal istirahətə gedə bilməz.

Ancaq qardaşının Kuşadasında restoranları, özünün E.Həsənovla içki biznesi var. Bu məlumatlarla bağlı Fərəcovlar nə təkzib yayıb, nə təsdiq.

Belə çıxır ki, bu susqunluq həm razılıq əlaməti kimi görünür, həm də məsələni ört-basdır etmək niyyəti güdür. Çünki dövlət başçısı məmurları biznes qalmaqallarına görə bağışlamır.

Üstəlik, E.Həsənov “vurulmuş” kadrdır, vaxtilə müxalifətə dəstək verdiyi üzə çıxıb, siyasi hakimiyyət onu sevmir və belə bir persona ilə Zakir Fərəcovun biznes şərikliyi ciddi riskdir.

Bundan sonra Fərəcovların aqibətinin necə olacağı bilinmir. Amma Ziya Məmmədovlar, Nazim İbrahimovlar kimi neçə-neçə klanlar süqut edib. Prezidentin yeni idarəçilik modeli bu cür məmurlarla uyğun gəlmir.

Onu da deyək ki, Zakir Fərəcov “Kristal Abşeron” tikinti şirkətinə şəhərin müxtəlif yerlərində yaşıllıqların məhvi hesabına tikinti həyata keçirməsinə imkan yaradıb.

Qeyd olunur ki, bu illərdə zeytun bağları da daxil olmaqla, xeyli yaşıllıq ərazilər “işğala” məruz qalıb: “26-cı məhəllədə zeytun bağları məhv edilib və edilir, Sülh küçəsində təhsil şöbəsinin yanında, Koroğlu küçəsində, 9-cu mikrorayon ərazisində, Hacıbəyov küçəsində, məktəblərin ərazilərində, eləcə də dəniz kənarında yaşıllıqlar, 40-50 illik şam ağacları gecələr məhv edilir, yerində mağazalar və s. tikilir. “Kristal Abşeron” Sumqayıtda boş yer qoymur, istədiyi yerdə bina tikir”.

Həmçinin qeyd edilir ki, şəhərin ciddi su, işıq, kanalizasiya problemləri olan hissələri var, lakin bu problemlərin həlli əvəzinə yaşıllıqların məhv edilərək, yeni binaların, obyektlərin, mağazaların tikintisi həyata keçirilir: 

“Şəhərə əlavə su xətti, kanalizasiya xətti çəkilmir, yeni transfarmatorlar qoyulmur. Binalar tikilib satılır, uşaq bağçaları, məktəblər yüklənir, problemlər isə həll edilməmiş qalır…”