“Əl Nağıyevdən xahiş edirəm, arxivi qaldırsın və Leyla Yunusun kimliyini Azərbaycan xalqına faş etsinlər” - "Onun dili bu şəkildə kəsilməlidir"


“Əl Nağıyevdən xahiş edirəm, arxivi qaldırsın və Leyla Yunusun kimliyini Azərbaycan xalqına faş etsinlər”
Leyla Yunusun jurnalist Sevinc Osmanqızına verdiyi müsahibədə milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyi “KQB agenti” adlandırmasına etirazlar davam edir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında Leyla Yunusun Azərbaycanın milli, vətənsevər insanlarına həmişə nifrət etdiyini bildirib: “Mən Əbülfəz Elçibəy barədə sərsəmləmələrinə və Azərbaycan xalqına saxta tarix dərsi keçməyə cəhd göstərməsinə görə Leyla Yunusa sərt məktub yazmışam. Yəqin ki, oxuyub. Leyla Yunus bir kitab yazıb. Həmin kitabda Əbülfəz Elçibəy haqda elə şeylər yazıb ki, Sevinc Osmanqızına müsahibəsində dedikləri onun yanında heç nədir. Leyla Yunus kitabında daha betər şeylər yazıb. Özü də təkcə Elçibəy haqda deyil, bir çox milli-vətənpərvər insanlar haqda ağzına gələni yazıb. Şəxsən mənim barəmdə də yazıb. Eyni zamanda hüquq müdafiəçiləri Səidə Qocamanlını, Səadət Bənəniyarlını ”həmişə hakimiyyətə işləyənlər" adlandırıb. Pənah Hüseyni, Rauf Arifoğlunu və digər bir çox tanınmış insanları hədəfə alıb".

N.Cəfəroğlunun sözlərinə görə, Əbülfəz Elçibəy hakimiyyətinin səhvi o idi ki, Leyla Yunusu Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzi kimi çox mühüm bir yerə rəhbər təyin etmişdilər: “Leyla Yunus hələ o vaxtdan ”bezperedellik" edirdi. Dövlət Agentliyinə 4 nəfər silahlı adamla hücum etmişdi, o zaman agentliyin şöbə müdiri işləyən Əflatun Amaşovu təhdid eləmişdi, əməkdaşlarını güllələməklə hədələyib onları təhqir etmişdi. Hətta o, agentliyin redaksiyasında elə bir səs-küy salmışdı, elə vəziyyət yaratmışdı ki, məsələdən dərhal xəbər tutan daxili işlər naziri İsgəndər Həmidov redaksiyaya polis əməkdaşları göndərmişdi, Leyla ilə silahlı adamlarını oradan güclə uzaqlaşdırmışdılar. Bu hadisəni ona görə xatırlayıram ki, Leyla Yunusun söz azadlığından, insan hüquqlarından danışması da həmişə saxta olub. Bilirsiniz o, niyə həmin agentliyə silahlı hücum etmişdi? “Azinforum”un əməkdaşları daim cəbhə bölgəsində olurdular və cəbhədən düzgün, dəqiq məlumatlar yayırdılar. Leyla Yunusun isə yaydığı informasiyaların çoxu yalan olurdu, Azərbaycanın zərərinə işləyirdi. Leyla qəzəblənib ki, “Azinforum”un əməkdaşlarının məlumatları onun yaydığı məlumatları yalana çıxarır. Ona görə də hücum etmişdi redaksiyaya.

Leyla Müdafiə Nazirliyində işləyəndə özbaşınalıqları bununla da bitmirdi. Su idarəsinə silahlılarla hücum edib işçilərini təhqir edib, idarəni darmadağın eləmişdi. Evinə suyun saatla verilməsinə bu şəkildə etirazını bildirmişdi bu saxtakar".

N.Cəfəroğlu Leyla Yunusla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Əli Nağıyevə müraciət də ünvanladı: “Leyla Yunus Rusiya Müdafiə Nazirliyinə müharibə dövründə gizli informasiyalar ötürürdü. O, illər öncədən Rusiya hərbi kəşfiyyatı ilə işbirliyində olan adam olub. İndi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə peşəkar, kəşfiyyatı bilən general Əli Nağıyev rəis təyin edilib. Mən cənab Əli Nağıyevə müraciət və xahiş edirəm ki, arxivi qaldırsın və Leyla Yunusun kimliyini Azərbaycan xalqına faş etsinlər. Bu saxtakar, ”bezperedel", Azərbaycan xalqına nifrət eləyən qadının əslində kim olduğunu, haraya, necə işlədiyini o zaman hər kəs görəcək. Leyla Yunus problemi ancaq bu şəkildə çözülməlidir və Leyla Yunusun dili bu şəkildə kəsilməlidir".

Azərbaycan Liberal Partiyası isə Leyla Yunusun Elçibəylə bağlı müsahibəsində Lalə Şövkət Hacıyevanın adından sitat gətirərək danışmasına münasibət bildirib. ALP sədri Əvəz Temirxan Modern.az saytına açıqlamasında deyib ki, o, partiyanın lideri Lalə Şövkətin Leyla Yunusun ifadə etdiyi şəkildə fikirləri nə zamansa bildirməsinə rast gəlməyib: “Lalə xanımla 28 ildir ki, bir yerdə çalışıram. Əgər elə bir söhbət olubsa, o zaman Leyla Yunus həmin müsahibənin getdiyi qəzeti, nömrəsini, tarixini göstərməli idi. Leyla Yunusun Lalə Şövkətə istinad etməsi belə, fikirlərinin doğruluğunu sübut etmir”.

Qeyd edək ki, Leyla Yunusun Sevinc Osmanqızına verdiyi müsahibə qalmaqala səbəb olub.

O, müsahibəsində belə bir açıqlama da vermişdi: “Lalə Şövkətin dediyini olduğu kimi sitat gətirəcəyəm. O deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Heydər Əliyev mənə Naxçıvandan zəng elədi və dedi ki, onda olan məlumata görə, Elçibəy prezidentliyə namizədliyini irəli sürəcək. Mən Moskvadan Bakıya gəldim, Elçibəydən soruşdum ki, bu doğrudurmu? Elçibəy and içdi ki, prezidentliyə namizədliyini irəli sürməyəcək, prezident yeri Heydər Əliyevə məxsusdur. O zaman qanun var idi ki, 65 yaşdan yuxarı olan vətəndaşlar Azərbaycanın prezidenti ola bilməz...

Elçibəy hakimiyyəti ələ keçirdi, sonra uyğun vaxtda onu Heydər Əliyevə ötürdü. 1992-1993-cü illərdə Heydər Əliyev minimum 2 dəfə Bakıya gəlmişdi. O, Elçibəyi təlimatlandırırdı..."
 
Tarix: 25-07-2019, 09:15
Xəbəri paylaş





Xəbər lenti