Bakı meriyası çimərlik oliqarxlarına meydan oxuyacaq: RƏQABƏTƏ GİRİŞDİ


Bakı meriyası çimərlik oliqarxlarına meydan oxuyacaq: RƏQABƏTƏ GİRİŞDİ

Xəbər verdiyimiz kimi, paytaxtda ictimai çimərliklərin yaradılması istiqamətində işlər aparılır. 

İlkin mərhələdə bu çimərliklər  Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. 

Cebhe.info-ya bu barədə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib ki, avqustun 15-də açılış etmək nəzərdə tutulur: “İlk olaraq yəqin ki,  Şıx çimərliyindən başlayacaq. Gecə-gündüz fasiləsiz işlər aparılır. Nəticəsi də var. Bu ayın 15-də ictimaiyyətin istifadəsinə veriləcək ilk çimərliyə giriş-çıxış tam sərbəst və maneəsiz olacaq”. 

Bakıda çox sayda çimərlik olmasına baxmayaraq yeni çimərliklərin yaradılma səbəbi də maraqlıdır. Bəzi iddialara görə, çimərliklərin pulsuz edilməsi, şlaqbaumların sökülməsi ilə bağlı tədbirlər istənilən nəticəni vermədiyindən Bakı meriyası çıxış yolunu ictimai çimərliklər yaratmaqda görüb.

Əlavə çimərliklərin yaranma səbəbindən danışan İ.Məmmədovun dediyinə görə, alternativ variant olaraq vətəndaşların istəyi nəzərə alınaraq qərar qəbul olunub: “Vətəndaşların istəyi nəzərə alınaraq bu çimərliklər yaradılır və məqsəd ictimai çimərliklərin sayının artırılması ilə yanaşı, rəqabət yaratmaqdır. Çünki pulsuz çimərlikləri yaratdıqdan sonra digər yüksək qiymətlər qoyan çimərliklər də fantastik qiymətləri ləğv etməli olacaqlar. Bizdə xidmət yüksək səviyyədə olacaq və biz rəqabətdə onları udacayıq”. 

“Cəmiyyətdə belə bir fikir var ki, oliqarxların qanunsuz çəpərlədiyi çimərliklərin şlaqbaum və digər çəpərləmə vasitələrini sökə bilmədiyiniz üçün yenilərini yaratmaq məcburiyyətində qalmısınız. Bu fikrə münasibətiniz”? sualına İntiqam Məmmədov “Mən xahiş edirəm, o məsələlərlə bağlı hal-hazırda məşğul olmuram. Sırf ictimai çimərlikləri yaradırıq və bunlar rəqabət məqsədi daşıyır”, - deməklə kifayətlənib. 


Tarix: 29-07-2019, 15:53
Xəbəri paylaş





Xəbər lenti