“Zəbt edilmiş çimərlik əraziləri həmin şəxslərindən alınaraq insanların istifadəsinə verilməlidir...”






Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctmai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq Səbail rayonunda “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra Buzovna və Görədil qəsəbələrində də növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Ümumilikdə dənizkənarı ərazilərdə 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulur. Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. 

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında bunun çox müsbət bir addım olduğunu dedi:

“İctimai çimərliklərin yaradılması vətəndaşlarımızın istirahət etməsinə xidmət edəcək. Bu çox gözəl təşəbbüsdür və bunu çoxdan etmək lazım idi. İndi Leyla xanım Əliyeva bunu edir çox sağ olsun. Bu il nə qədər insanlarımız dənizdə batdı. Çimərliklərlə yanaşı, dənizin özünə də nəzarət olunmalıdır ki, bədbəxt hadisələr baş verməsin. İctimai çimərliklərin yaradılması təqdirəlayiqdir”. 

Hüquq müdafiəçisi deyib ki, zəbt edilən çimərlik əraziləri də xalqa qaytarılmalıdır:

“Dənizkənarı xalqa məxsusdur. Səhv etmirəmsə dənizkənarı çimərliklərin hasarlarının sökülməsiylə bağlı ölkə başçısı göstəriş vermişdi. Hesab edirəm ki, bunu tənzimləmək lazımdır. Bunlar millətin sərvətidir və milləti də ondan məhrum etmək düzgün deyil. Ona görə də zəbt edilmiş çimərlik əraziləri də həmin şəxslərindən alınaraq insanların istifadəsinə verilməlidir”. 


Tarix: 15-08-2019, 14:33
Xəbəri paylaş





Xəbər lenti