Düşmənə qarşı son çarə - türkəçarə


Müasir təbabətdə konservativ müalicə deyilən üsul var. Əsasən kimyəvi və bitki mənşəli dərman preparatları ilə müalicəni, bir az da fizioterapiyanı nəzərdə tutur. Cərrahi müdaxiləyə isə bu üsul səmərə verməyəndə və ya radikal müdaxiləyə təcili göstəriş olanda əl atılır.

Qarabağ məsələsi də, obrazlı desək, artıq dərman- iynədən, fizioterapiyadan, işğalçının “sığallanması”ndan, masajdan keçib. Bu üsul işə yaramadı. İndi hamı yaxşı fərqindədir ki, daha konservativ yolla - danışıq-dilə tutmalarla “donuz darı”dan, çağırılmamış qonaqlar evimizdən çıxası deyil.

Müxtəsəri, Qarabağ dərdinin çarəsi üçün radikal həll çoxdan “tibii göstərişi”dir. Bu göstəriş illərlə əldə olunan anemnez və analizlər (oxu: mənasız danışıqlar) əsasında formalaşıb. Qalır onun tətbiqi. O da, yəqin ki, zamana bağlıdır. Ona görə ki, “baş həkim”, yəni Rusiya hələlik “cərrahi” üsula razılıq vermir.

Moskvada deyirlər ki, tələsməyin, konservativ vasitələr hələ tükənməyib və guya nə vaxtsa mütləq nəticə verəcək. Gəl ki, 25 ildir “yük öz köhnə yerindədir”, düşmənin “miatsum” xəstəliyi getdikcə daha dərinə işləyir, residiv və fəsadlar verir, xroniki hal alıb. O zaman gözləməyin anlamı nə?

İki yol mümkün görünür. Biri odur ki, Moskvanın saqqızını oğurlayana kimi gözləməliyilk. İkincisi isə “baş həkim”in daha təcrübəli və obyektiv birisi ilə əvəzlənməsinə çalışmalıyıq.

Kremlin saqqızını oğurlamaq asan məsələ deyil. Etiraf edək ki, 25 ildə bunu bacarmamışıq. Əgər Rusiyaya etdiyimiz bunca yaxşılığın, onun bölgədəki maraqlarını gözləməyin qarşılığında, o sırada neytral qalıb bloklara qoşulmamağın, tolerant qalmağın, ölkədə rus dili və rusca təhsilə xüsusi qayğı göstərməyin əvəzində Moskvadan “çırt” da yoxdursa, Kremlə xətir suyu belə üfürə-üfürə içməyimizin qarşılığında bir rayonumuz belə qayıtmayıbsa, Rusiya hələ də işğalçının başını əzməyə qoymursa, tam əksinə, işğalçını faktiki, bəsləyirsə, demək, boşuna vaxt itiririk. O zaman ümid qalır ikinci varianta.

Ya da “baş həkim”in başına elə bir iş, faciə gəlməlidir ki (misal üçün, Rusiyada daxili silkələnmələr, inqilabi proses və üsyanlar), nəticə etibarilə başı bir müddət özünə bərk qarışsın və biz də fürsətdən yararlanıb 1-2 həftəyə təcavüzkarın işini bitirək.

Hələliksə, siyasi terminlə desək, status-kvo qalır. Erməni rusun kürəyi arxasından bizə diş qıcıdır, yumruq silkələyir, “müharibə olsa, yenə torpaq alarıq” deyə bizə hədə biçir, “Qarabağ Ermənistanındır, nöqtə!” deyib əsəblərimizlə oynayır. Hərçənd biz də deyə bilərik ki, “Qarabağ Ermənistanındır, vergül, Ermənistan da bizim!”

Di gəl, bununla Qarabağın, Şuşanın yarası sağalmır, ürəyimiz soyumur. Adamı yandıran həm də odur ki, “Qarabağ Ermənistanındır, nöqtə!” deyən bir ölkənin ordusu bu dəqiqə ac-yalavac gündədir, əsgəri ağ bayraq qaldırıb Azərbaycan tərəfinə keçir, bizə sığınır, bizdən imdad diləyir...

Bəziləri deyir ki, erməni ilə müzakirə aparmağın nə mənası, ən yaxşısı, gedib onun yiyəsi ilə danışaq. Yəni təklif edilir ki, “baş həkim”lə - Rusiya ilə ciddi Qarabağ söhbəti edək. İnsafən buna cəhdlər olub. Hətta Türkiyə prezidenti Ərdoğan da səy göstərib. Moskvadan isə bəyan ediblər ki, öncə gedin özünüz ermənilərlə razılığa gəlin, biz də bu anlaşmaya qarant duraq. Amma altdan-altdan Kreml İrəvana göz ağardır ki, birdən ondan xəbərsiz Bakı ilə anlaşmaya gedər.

Odur ki, daha bizə Rusiya timsalında “həkim” yox, başqa bir dövlət və ya beynəlxalq təşkilat timsalında ədalətli və qərəzsiz “hakim” lazımdı. Rusiyadan nə yaxşı həkim çıxdı, nə də obyektiv hakim. Elə bir obyektiv hakim ki, qonşusunun torpaqlarını zəbt eləməklə dünyanın yazılmış qayda-qanunlarını tapdayan ermənilərə, nəhayət, öz yerini göstərsin, işğalçının “qapısı”na onun çoxdan haqq etdiyi “11 metr”liyi təyin etsin - BMT qətnamələri əsasında. Tərəddüdsüz-filansız. Sonrası bizlikdir.

Ya da ümid qalır Türk-Azərbaycan əsgərinə - “türkəçarə”yə...

Zahid SƏFƏROĞLU
Tarix: 16-08-2019, 09:47
Xəbəri paylaş





Xəbər lenti